Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanın turizm sektoruna təsirinin öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.
Eləcə də bax: Azərbaycanlılar xaricə səyahətlərini – LƏĞV ETMƏYƏ BAŞLAYIBLAR
FED.az məlumat verir ki, bu barədə KOBİA-dan bildirilib.
Görüşdə Dövlət Turizm Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Turizm və xidmət üzrə iş komissiyasının, turizm sektorunda fəaliyyət göstərən müxtəlif assosiasiyaların, eləcə də 30-a yaxın turizm şirkətinin nümayəndələri iştirak ediblər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov koronavirus epidemiyasının Azərbaycanın turizm sektoruna, ümumiyyətlə biznesə mümkün təsirlərinin və KOB-ların qarşılaşdıqları problemlərin öyrənilməsi, mümkün təsirlərin minimuma endirilməsi üçün çıxış yollarının müzakirə edilməsi, turizm sektorunun gözləntilərinin və təkliflərinin öyrənilməsi olduğunu diqqətə çatdırıb.
Görüşdə turizm assosiasiyaları və şirkətləri tərəfindən koronavirusla bağlı daxili və xarici turist axınının azaldığı, əvvəlcədən sifariş verilmiş turların və otel rezervasiyalarının ləğv olunduğu, müxtəlif tədbirlərin, xüsusilə də Novruz Bayramı ilə əlaqədar tədbirlərin təxirə salınması səbəbindən turizm sektorunun müəyyən gəlirlərini itirdiyi qeyd edilib, yaranmış problemdən çıxış yolları müzakirə olunub, təkiflər səsləndirilib.
Tədbir çərçivəsində koronavirus infeksiyasının biznes fəaliyyətinə təsirinin qiymətləndirilməsinə dair sahibkarlar arasında sorğu da keçirilib.
Görüşdə səsləndirilən təkliflər və aparılmış sorğunun nəticələri ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaq.
Report