Noyabr ayından Azərbaycan vətəndaşlarına turizm haqqında məlumat verilməsi ilə bağlı kampaniyaya başlanacaq.
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti müzakirəsi turizm biznesindəki mövcud vəziyyət və perspektivlərə həsr olunmuş forumda Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. Onun sözlərinə görə, noyabr ayından Azərbaycan vətəndaşlarına turizm haqqında məlumat verilməsi ilə bağlı kampaniyaya başlanacaq.
“Turizmin nə olduğu, müsbət fəaliyyətin ölkəyə hansı faydalar gətirdiyi barədə həm video, həm də digər formatlarda böyük təbliğat məqsədilə kampaniya başlayacaq. Bildirim ki, Strateji Yol Xəritəsinin icrası bizim fəaliyyətimizin başında gəlir. Bu, əslində Azərbaycanda turizmin inkişafı istiqamətində ortaya qoyulmuş bir sənəddir. Biz də fəaliyyətimizi Strateji Yol Xəritəsinin müvafiq bəndləri əsasında qurmuşuq ki, yekunda nəticəyə nail ola bilək. Orada elə məsələlər qoyulub ki, yaxın zamanda deyil, növbəti illərdə nəticələrini görəcəyik. Bu ilin hesabatı da dekabr ayında toplanacaq. Yəqin ki, növbəti ilin əvvəlində hesabatla tanış olmaq imkanı olacaq”- deyə o bildirib.