Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin turizm sənayesinin nümayəndələrinə müraciət edib.
Eləcə də bax: “Turizm və xidmət sahəsində sahibkarlar ciddi problemlə üzləşiblər”
FED.az xəbər verir ki, müraciətdə deyilir:
Hörmətli turizm təmsilçiləri və turizm sahəsində fəaliyyət göstərən sahibkarlar,
Ötən müraciətimizdə biz ümumi gedən proseslərdən, işçilərin ixtisarı və bu kimi bir sıra neqativ faktlardan xəbərdar olduğumuzu bildirdik, sahibkarları sosial məsuliyyətə dəvət etdik, cəmiyyətin və dövlətin rifahı naminə hər kəsi birliyə çağırdıq.
Sevindirici haldır ki, bir çox sənaye nümayəndələri hazırkı çətin dövrdə sosial məsuliyyətin əhəmiyyətini anlayaraq çağırışımıza müsbət cavab verdilər.
Bu hal dövlət tərəfindən yüksək qiymətləndirilir. Sosial məsuliyyətə əməl edərək sənayenin gələcək inkişaf perspektivlərini nəzərə alan sahibkarlar dövlətin diqqətindədir və tətbiq olunan məhdudiyyətlərin turizm sənayesinə təsirlərinin azaldılması istiqamətində ilk iş məhz sahibkarlara dövlət dəstəyinin verilməsi olacaqdır.
Biz sənayenin digər üzvlərini də sosial məsuliyyətlilik sərgiləyən, sosial-mənəvi öhdəlikləri yerinə yetirən sənaye təmsilçilərinə qoşulmağa dəvət edirik.
Bildiyiniz kimi, hazırda həm Bakıda, həm də regionda bir sıra hotellər xaricdən qayıdan vətəndaşlarımızı karantin rejimində yerləşdirilməsi üçün istifadə olunur. Bu məqsədyönlü addım ümumilikdə vətəndaşların təhlükəsiz şəraitdə sağlamlığını qorumaqla yanaşı hotellərin doluluğunu da təmin edir.
Biz karantin rejimində vətəndaşlara xidmət göstərən hotellərin bütün sıravi işçiləri və rəhbərliyi daxil olmaqla işçi heyətinə təşəkkür edir, bu çətin və məsuliyyətli dövrdə göstərdikləri fədakarlığa və əzmə görə minnətdarlığımızı bildiririk.
Əmin ola bilərsiniz ki, Dövlət Turizm Agentliyinin əməkdaşları, bütün aidiyyatı dövlət qurumları ilə birlikdə qlobal böhran nəticəsində ölkəmizin turizm sənayesinə dəyən zərərin minimuma endirilməsi üçün bütün gücləri ilə çalışırlar və ən qısa müddətdə sənayeyə dövlət tərəfindən göstəriləcək dəstək mexanizmləri ilə bağlı işlər yekunlaşacaq.
Cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdiyi bir sahə olaraq turizmin böhrandan sonrakı dövrdə daha sürətlə inkişaf edəcəyinə inanırıq.
Azərbaycanı turizm ölkəsinə çevirmək üçün bu günədək nümayiş etdirdiyimiz həmrəyliyimizi ölkəmizin və cəmiyyətimizin qarşılaşdığı bu çətin günlərdə də göstərməliyik.
Bir daha tövsiyələrə və çağırışlara müsbət cavab verən bütün sahibkarlara təşəkkür edir, hər kəsi sosial məsuliyyətlilik nümayiş etdirməyə çağırırıq.
Əminliklə bildiririk ki, gücümüz birliyimizdədir və məhz birlikdə bütün çətinliklərin öhdəsindən gələrək daha böyük işlərə imza ata bilərik.