Rieltor Samir Nəzərov bildirib ki, əvvəl şəhərin mərkəzi hissələrində əsasən geyim mağazaları kimi kirayələnən biznes obyektləri indi kafe və restoranlara çevrilir. Bunun isə bir neçə səbəbi var. Birincisi bu ərazilərdə satılan geyim malları çox baha olduğu üçün mağazalar müştərilərini itirir: “Tarqovı”da 500 manata satılan köynək -“Mall”larda 30-40 manata satılır. İnsanlar artıq bunu analiz etməyə başlayıblar. Təbii ki, varlı təbəqinin alış-veriş etdiyi bəzi brendlər istisnadır”.
S.Nəzərov bildirib ki, ərəb turistlərinin Bakıya gəlişindən sonra geyim mağazaları kimi kirayələnən obyektlər sürətlə kafe və restoranlara çevrilməyə başlayıb. Belə ki, ərəb turistlər Bakıya daha çox yeyib-içmək və əyləncə üçün gəlirlər. Tələbatın artması da biznes obyektlərinin daha çox kafe və restoranlara çevrilməsinə təsir edib:“Məsələn, son 15 ildə geyim mağazası kimi fəaliyyət göstərən Nizami küçəsindəki “Albatros” son iki ayda “Albatros by Pizza İnn”ə çevrildi. Daha sonra restoran kimi 35 min manata kirayə verildi”. O bildirib ki, hazırda sadalanan ərazilərdə biznes obyektlərinin kirayəsi çox bahadır. Hətta, “Fəvvarələr meydanı”nda şirə satılan 4 kv.m-lik obyektin kirayəsi 8 min manatdır.
Daşınmaz əmlak agenti Asif Yusubov da Fins.az-a açıqlamasında ərəb turistlərin artması ilə şəhərin mərkəzi hissələrində geyim mağazalarının yüngül qəlyanaltı kafe və restoranlarına çevrildiyini deyib. O bildirib ki, 5-6 ayda bu proses xüsusilə sürətlənib. Hətta tanınmış beynəlxalq kafe-restoran şəbəkələri də son dövrlər “Tarqovı”da yerləşmək istəyirlər.
A.Yusubov hesab edir ki, şəhərin mərkəzi hissələrinin kafe-restoranlara çevrilməsi prosesi davam edəcək və bir müddətdən sonra ümumiyyətlə bu ərazilərdə geyim mağazaları qalmayacaq.