Ölkə vətəndaşlarının yay istirahəti üçün avia-bilet və hotel sifarişləri artıq bu aydan başlayıb. Turizm şirkətləri bildirir ki, bu yay aylarında azərbaycanlılar Türkiyə və Misirdə istirahət edəcək, Rusiyada isə müalicə olunacaqlar.
“Gezz Travel” turizm şirkətindən FED.az-a verilən məlumata görə, erkən rezervasiyalar başlayandan bəri yayda istirahət məqsədi ilə səfər etmək üçün ən çox Türkiyə istiqaməti ilə bağlı müraciət olunur. Məlumatda bildirilir ki, bu il Bodrumda qiymətlər digər şəhərlərlə müqayisədə nisbətən baha olduğu üçün azərbaycanlılar əsasən Antalya, Kuşadası və Marmaris istiqamətində səfər etməyə üstünlük verirlər.
Dünya ölkələrinə tur qiymətləri
Turların başlanğıc qiyməti 394 dollardan başlayır (669 manat). Bu qiymətə 1 həftə oteldə gecələmə, 3 dəfə qidalanma, transfer, avia-bilet ve sığorta daxildir.
Müalicəvi turlara bu il maraq artdığından Ukraynada Truskavets, Morşin, Rusiyada Yesentuki, Kislovodsk və Çexiyada Karlovı Varı istiqamətində turların satışı aktuallaşıb.
Səfər etmək üçün ən çox müraciət olunanlardan bir digəri isə Baltik ölkələri, xüsusilə də Xorvatiya və Monteneqro istiqamətindədir.
Baltik olkələri – Xorvatiya və Monteneqroya səfər paketlərinin qiymətləri 550 avrodan başlayır (1164 manat). Bu qiymətə 1 həftəlik otel, səhər yeməyi, bilet və transfer daxildir.
Xaricdə 500 dollara 10 gün müalicə
Müalicəvi məqslər üçün üz tutulan sanatoriyalarda isə 500 dollara (850 manat) 10 gün rahat müalicə ala bilərsiniz. Bu qiymete avia-bilet, oteldə 10 gecə qonaqlama, 3 dəfə qidalanma, transfer və müalicə daxildir.
“Millennium Tour” turizm şirkətinin məlumatına görə isə bu yay üçün Azərbaycandan ən çox Türkiyə, Misir və Rusiya istiqamətində avia-bilet və hotel sifariş edilir. Türkiyə ilə bağlı müraciətlər əsasən Antalya, Bodrum və Kuşadası, Misirə isə Şarməlşeyx istiqamətindədir. Turizm şirkətindən dedilər ki, Rusiyaya Minvod istiqamətində əsasən müalivəci məqsədlər üçün müraciət edirlər.
Avia-bilet qiymətləri
Azərbaycandan Misirin Şarməlşeyx şəhərinə səfər etmək istəyənlər əsasən başlanğıc nöqtə kimi Gürcüstanın Tbilisi hava limanını götürürlər. Buna səbəb isə belə olan halda qiymətin qismən ucuz başa gəlməsidir. Turizm şirkətindən onu da dedilər ki, Azərbaycandan Şarməlşeyxə əvvəllər birbaşa reys olsa da hazırda yoxdur. Tbilisi-Şarməlşeyx-Tbilisi avia-biletinin qiyməti 320-350 dollardan başlayır (544-595 manat).
Türkiyənin istənilən nöqtəsinə yay boyunca tətbiq olunan ümumi avia-bilet qiymətləri isə 450 dollardan başlayır. Bu turizm şirkəti vasitəsilə yalnız iyun ayı üçün Bakı-Antalya-Bakı biletinin qiyməti isə 250 manatdır.
Rusiyaya Minvod istiqamətində hərəkət edən reyslərin ümumi qiyməti isə 250 dollardan başlayır.
Hotel qiymətləri
Turizm şirkətindən bildirdilər ki, hotellərin gecəlik qiymətləri ulduzundan, yerləşdiyi ərazidən əlavə, həm də hər aya görə də dəyişir:
“İyun ayını götürsək, Türkiyənin 5 ulduzlu hotellərində 1 gecəlik qonaqlamanın ödənişi 165 dollar(280 manat), Şarməlşeyxin 5 ulduzlu hotellərində nömrənin 1 gecəlik qiyməti 80 dollardır(136 manat). Rusiyaya Minvod istiqamətində səfər edənlər isə 5 ulduzlu hotelləri 80 manatdan başlayan qiymətlərlə bron edə bilərlər”.
1 həftəyə nə qədər xərc çıxar?
Turizm şirkətinin məlumatına görə, Şarməlşeyxdə 1 həftəlik istirahət 550 dollardan(935 manat), Turkiyədə isə 650-700 dollardan başlayır(1105-1190 manat). Bu qiymətlərə avia-bilet və hotel məsrəfləri daxildir. Qeyd edək ki, təqdim olunan bu tur-paketdə 5 ulduz hotellər nəzərdə tutulub.
Bu yay harada dincələcəyik? - HOTEL, BİLET QİYMƏTLƏRİ
16:57
27 Mart 2018