Respublikamızın ayrı-ayrı bölgələrində olduğu kimi, Gəncə şəhərində də qeyri-neft sektorunun vacib sahələrindən olan turizmin inkişafı məqsədilə müasir infrastrukturun, otellərin və istirahət-əyləncə mərkəzlərinin yaradılması işləri hayata keçirilir. Hazırda Gəncə şəhərində 5, onun inzibati ərazisinə daxil olan Hacıkənd qəsəbəsində isə 1 yeni otel tikilir.
FED.az xəbər verir ki, şəhərin mərkəzində Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində inşa edilən və ümumi sahəsi 5 min 586 kvadratmetr olan “Majestic Palace” mehmanxanasının daxilində hazırda son tamamlama işləri görülür.
Eləcə də bax: Azərbaycana gələn ərəb turistlərin sayı açıqlandı
Şəhərin mərkəzində, Nağı bəy Şeyxzamanlı küçəsində inşa edilən və ümumi sahəsi 2 min 500 kvadratmetr olan, 8 mərtəbəli “Otel Univermaq”da, həmçinin Nizami Gəncəvi prospektindəki 8 mərtəbəli və 4 mərtəbəli otelllərin də binasında tikinti işləri yekunlaşıb.
Eyni zamanda, şəhərin Şah İsmayıl Xətai prospektində 4 mərtəbəli, Zərifə Əliyeva prospektində isə 2 mərtəbəli mehmanxanalar da inşa edilir.
Hacıkənd qəsəbəsində tikilən 7 mərtəbəli ARFA mehmanxanasının daxilində son tamamlama işləri görülür. ARFA mehmanxanasının istifadəyə verilməsi Hacıkənd və Göygöldə qış turizminin inkişafına töhfə olacaq.