Biz Qubaya istirahət etmək, eyni zamanda, nadir quş növlərini araşdırmaq məqsədilə gəlmişik. Burada ancaq dağlıq ərazilərdə yaşayan bir sıra endemik quşlar var. Qubaya bir həftəlik gəlmişik. Azərbaycanda olduğumuz müddətdə yalnız bir gün restoranda yemək yemişik. Digər günlərdə yerli mətbəx nümunələrinin dadına baxmışıq. Ölkənizin çox dadlı və özünəməxsus mətbəxi var.
FED.az xəbər verir ki, bunu almaniyalı turist Fritz Lange söyləyib.
Ramazan bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin sayı ikiqat artıb. Qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də var.
Quba Turizm İnformasiya Mərkəzindən bildirilib ki, bu günlərdə rayona gələn turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çoxdur.
İstirahət mərkəzinin inzibatçısı Anar Gərəyzadə bildirib ki, Qubaya gələn əcnəbi turistlərin sayı hər il artır. “Son illər ərəb ölkələrindən gələn qonaqlar çoxluq təşkil edir. Əcnəbi turistlər Qubanı təbiətinə, qonaqpərvər insanlarına və ləziz mətbəxinə görə seçirlər. Biz də əlimizdən gələni edirik ki, turistlərdən buradan razı getsinlər. Onlara həm yerli mətbəxin, həm də Avropa mətbəxinin nümunələrini təqdim edirik”-deyə Anar Gərəyzadə bildirib.
Bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.
Yerli turist Sənan Məmmədov məsafə yaxın olduğundan Qubaya tez-tez gəldiyini söyləyərək deyib: “Buranın sərin, təmiz havası var. Təqdim olunan xidmətlərdən də razıyam. Qiymətlər münasibdir”.
Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, Quba Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərir. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi də təqdim olunur.
@azertag