2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
FED.az xəbər verir ki, dövlət Statistika Komitəsinin hesablamalarına görə, gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2,0 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 65,5 faizini kişilər, 34,5 faizini isə qadınlar təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Küveyt vətəndaşlarının sayı 2,0 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 13,7 faiz, Oman vətəndaşlarının sayı 6,3 faiz artıb. İrandan gələnlərin sayında 33,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 492,9 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.
2018-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 4014,6 min nəfər olub. Ölkə vətəndaşlarının 32,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 19,1 faizi Rusiya Federasiyasına, 12,9 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,6 faizi kişilər, 34,4 faizi isə qadınlar olub.