Martın 19-da Bakıda Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə təntənəli Novruz şənliklərinə başlanılıb.
FED.az xəbər verir ki, Azərbaycanın tarixi ənənələrinin və mədəniyyətinin xarici turistlərə çatdırılması, şəhər sakinlərinin və qonaqların bayram günlərində asudə vaxtının maraqlı və səmərəli keçirilməsi məqsədilə təşkil olunan festival “Sahil bağı”nda keçirilir.
Martın 24-dək davam edəcək festival çərçivəsində hər gün saat 11-dən 21:00-dək xüsusi bayram proqramları təşkil olunacaq, martın 20-21-də saat 23:00-dək ziyarətçilərə açıq olacaq.
Şənliklər ərzində dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənərkarların əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq. Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqramlar qonaqlara təqdim olunacaq.
Festivalda UEFA final liqasının brend zonası yaradılacaq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən futbol meydançası qurulacaq və idmançılarla imza günləri təşkil ediləcək.
İlk dəfə olaraq bayram günlərində Novruz personajları – Bahar qız, Kosa, Keçəl, eləcə də bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası (muzikal) nümayiş etdiriləcək.
Tamaşada Novruz bayramı ilə bahar fəslinin sevgisi, xeyir və şərin əbədi mübarizəsi, sonda sevginin və xeyirin qalibiyyəti təsvir olunur.