AZAL-ın ABŞ-a uçuşlarını dayandırmasının səbəbi biletlərinin bahalığı və bu dövlət şirkətində idarəçiliyin aşağı səviyyədə olmasıdır.
FED.az xəbər verir ki, bu barədə İqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Ekspert hesab edir ki, AZAL-da ciddi islahatlar aparılmalı və şirkət özəlləşdirilməlidir.
Q.İbadoğlu yazır:
"2016-cı ildən ABŞ-a birbaşa uçuşlara başlayan Azərbaycan Hava Yolları Şirkəti (AZAL) bu ilin oktyabr ayından Nyu Yorka uçuşları dayandırır.
AZAL rəsmiləri bunu təyyarə parkını artıra bilmədiklərinə görə, marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərarı ilə əsaslandırıb. Bu isə o deməkdir ki, Bakıdan Nyu Yorka uçuş gəlirli olmayıb.
Əslində mən bunun gerçəkliyinə şübhə ilə yanaşıram. Çünki, AZAL-ın uçuşlarına qiymətlər baha və eyni zamanda tələbat yüksək olaraq qalmaqdadır. Xüsusilə də yay aylarında bir tərəf üçün ən ucuz bilet 500 dollar, gediş-gəlişin qiyməti isə 1000 dollar ətrafındadır. Halbuki, Ukrayna Hava Yollar, Qatar Hava Yolları ilə bu marşrutu AZAL-la müqayisədə 2 dəfə ucuz qiymətə qət etmək mümkündür.
Bakı-Nyu-York-Bakı reysi Azərbaycanla ABŞ arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi əlaqələr baxımından əhəmiyyət kəsb edir. Əgər həqiqətən də AZAL bu marşrut üzrə uçuşu rentabelliyə görə dayandırırsa, onda rentabelliyin aşağı olması AZAL-ın idarəçiliyinin zəif olması ilə birbaşa əlaqədardır. Çünki, bu marşrut üzrə tarif siyasətinin düzgün qurulmamasında görə, bölgədən ABŞ-a gələnlər, eləcə də ABŞ-dan Azərbaycana gedənlər alternativ marşrutlara üstünlük veriblər.
Hesab edirəm ki, AZAL-da köklü dəyişikliklərə ehtiyac vardır. Bu isə dövlət konserninin restrukturizasiya və özəlləşdirmə tədbirlərindən keçməlidir. Əks təqdirdə on milyardlarla sərmayə yeyən, müasir infrastruktura malik olan şirkət hələ bundan sonra da rentabelli işləməyəcək.
"Biletlər baha olub ki, ABŞ-a AZAL-la uçmayıblar" - EKSPERT
21:29
2 İyun 2019