İyunun 30-dan “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Daşkənd-Bakı birbaşa hava reyslərini həyata keçirməyə başlayıb.
FED.az xəbər verir ki, bu münasibətlə Daşkənd Beynəlxalq aeroportunda keçirilən təqdimat mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, Daşkənddə yaşayan soydaşlarımız, jurnalistlər iştirak edib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan “Buta Airways” aviaşirkətinin direktoru Cəmil Manizadə bu münasibətlə Daşkənddə yaşayan azərbaycanlıları və digər sərnişinləri təbrik edib, bildirib ki, hələlik uçuşlar həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. Nəzərdə tutmuşuq ki, bu il avqustun 1-dən reyslərin sayını artıraq. Belə ki, yeni hava xətti rentabelli olarsa, Bakı-Daşkənd-Bakı hava xətti həftənin çərşənbə günləri də yerinə yetiriləcək.
Özbəkistan Dövlət Televiziyasının aparıcısı, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu gün Azərbaycana gedən “Mediatur” iştirakçılarının tərkibində olan Elmira Tuxvatillina da reysin açılması ilə tədbir iştirakçılarını təbrik edib.
“Taşkent zeboları” rəqs ansamblının üzvləri Azərbaycan və özbək rəqslərini ifa ediblər.
Sonra qonaqlar bu münasibətlə hazırlanan süfrəyə dəvət edilib.
FED.az-ın məlumatına görə, Bakı-Daşkənd-Bakı reysi ilə iki tərəfə uçuşun qiyməti 780-800 manatdır.