Yaxın günlərdə Bakıda ilk dəfə olaraq şəhər kartı -"Baku Card" buraxılacaq. Bu barədə FED.az-a Milli Turizm Təbliğat Bürosundan bildirilib. Sabah Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və PASHA Travel şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçirələcək.
"Baku Card", Azərbaycanda ilk və yeganə Bakı şəhərinin rəsmi şəhər kartıdır. Kart sahibləri pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edəcək. Bundan əlavə, “Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.
"Baku Card" – Bakı şəhərini müasir tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur.
Memorandum Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və PASHA Travel şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid tərəfindən imzalanacaq.
Büronun nümayəndəsi Kənan Quluzadənin FED.az-v verdiyi məlumata görə, bu kartlardan avtobus, metro, eləcə də taksilərdə istifadə etmək mümkün olacaq. Kartları paytaxtın müxtəlif ərazilərində quraşdırılacaq köşklərdən almaq olacaq. İndiyədək dövriyyədə olan qnəqliyyat kartlarından fərqli olaraq bu kartların balansını onlayn da artırmaq mümkün olacaq.
"Baku Card"ın 3 versiyada (24 saatlıq kartlar, 72 saatlıq kartlar və 1 həftəlik kartlar) buraxılması nəzərdə tutulub. Kartların qiyməti də müddətindən asılı olaraq dəyişəcək. 24 saatlıq kartlar 35 manata, 72 saatlıq kartlar 60 manata, həftəlik kartlar isə 90 manata satılacaq.
Bakıda turistlər üçün yeni kart buraxılır – XİDMƏTLƏR VƏ QİYMƏTLƏR
14:52
27 Fev 2018