Bu gün Bakıda Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammiti işə başlayıb.
FED.az xəbər verir ki, tədbiri giriş sözü ilə Agentliyin sədri Fuad Nağıyev Azərbaycanda turizmin inkişafının vacibliyini, bu sahənin ölkə iqtisadiyyatının pirioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
"Bu gün Dövlət Turizm Agentliyi üçün əhəmiyyətli gündür: Dövlət qurumu olaraq ilk dəfə geniş ictimaiyyət üçün tədbir keçirilir. Bildiyiniz kimi, Agentlik Prezidenti İlham Əliyevin sərəncamı ilə bu ilin aprel ayında təsis edilib. Həmin müddətdən artıq 7 ay keçib. Yəqin razı olarsınız ki, yeni yaradılan bir qurum üçün bu müddət elə də çox deyil. Bu sahənin inkişaf etdirilməsi bizə tapşırılıb və biz bu məsuliyyəti başa düşürük. Son bir neçə ildə ölkə turizmi kifayət qədər uğurlu yol keçib. Lakin biz hesab edirik ki, gediləcək yol hələ çoxdur. Fəaliyyətə başladığımız gündən Dövlət Turizm Agentliyi olaraq görülən işlərlə bağlı daimi hesabat veririk, çünki bizim üçün şəffaflıq əsasdır. Bu tədbirin məqsədi qət etdiyimiz yolla sizləri yaxından tanış etməkdir", - deyə o, qeyd edib.