Xəbər verdiyimiz kimi, bu il Yeni il bayramı günlərində xaricə gedən azərbaycanlıların sayı azalıb. Azərbaycan vətəndaşlarının çoxu ölkəmizin regionlarında – Quba, Qusar, Qəbələ və Lənkəranda istirahət ediblər.
FED.az xeyli müddətdir gözlənilən bu dəyişikliyə aydınlıq gətirməyə çalışıb. Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov azərbaycanlıların daha çox yerli turizm obyektlərində dincəlməyə üstünlük vermələrinin səbəbini açıqlayıb. Bildirib ki, artıq Azərbaycanda yüksək səviyyədə qış turizm məkanlarının fəaliyyət göstərməsi xaricə kütləvi axının qarşısını alıb:
“Qış mövsümündə, Yeni il ərəfəsində insanlar daha çox qar görmək, xizək sürmək istəyirlər. Buna görə də əvvəllər Avropaya daha çox üz tuturdular, lakin indi bizdə Qubada, Qusarda qarda vaxt keçirmək üçün yaxşı məkanlar yaradılıb. Yüksək səviyyədə xidmət təqdim edən 5 ulduz otellər fəaliyyət göstərir. Ölkədə dünya standartlarına uyğun istirahət məkanlarını görən insanlar xaricə getməkdən imtina edirlər”.
Azərbaycan vətəndaşlarının dincəlmək üçün yerli turizm məkanlarına üz tutmalarının başqa bir səbəbi məsafənin qısa olmasıdır. Yəni, 2-3 saata Qusardakı istidarəh məkanına çatmaq mümkündürsə, adamlar daha uzun məsafələri getməyə həvəs göstərmirlər. Məhz bu səbəblərdən insanlar tətillərini doğma məkanlarda qeyd etməyə üstünlük verir.
N.Bağırov qeyd edib ki, bayramı xaricdə keçirmək istəyən Azərbaycan vətəndaşları daha çox Gürcüstana səfər ediblər. Bu da gediləcək məsafənin digərləri ilə müqayisədə daha az olması ilə bağlıdır.
“Azərbaycanlı turistlərin bu seçimi Gürcüstanın ölkəmizə daha yaxın olmasıdır. Çünki təyyarə ilə 50 dəqiqəyə, avtomobillə isə 5 saata Gürcüstana çatmaq mümkündür”.
Azərbaycanlılar niyə tətildə xaricə getmədi? - SƏBƏBLƏR
15:44
4 Yan 2018