Zaqatala Beynəlxalq hava limanı əsaslı yenidənqurmadan sonra rəsmən istismara verilib.
FED.az "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir.
Hava limanının ərazisində geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən uçuş-enmə zolağı (UEZ) tikilmiş, perron xeyli genişləndirilmiş, müasir naviqasiya sistemləri, meteoroloji və işıq siqnalı avadanlıqları quraşdırılıb, həmçinin aerovağzal kompleksinin binası təmir edilib.
Hava limanının açılışı günü bura ilk dəfə olaraq dünyanın ən böyük sərnişin təyyarələrindən biri - “Airbus A340-500” təyyarəsi enib.
Azərbaycanın “AzVirt” şirkəti tərəfindən həyata keçirilən tikinti işləri nəticəsində hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı tikilib. Uçuş-enmə zolağı və perronda ümumi qalınlığı 92 sm olan yol geyimi konstruksiyası, o cümlədən 37 sm asfalt-beton layları döşənib. Yeni zolaq Zaqatala Beynəlxalq hava limanına geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək.
Eyni zamanda hava limanının ərazisində tikinti işləri üçün asfalt-beton qarışığının hazırlanması məqsədilə səyyar asfalt-beton zavodu quraşdırılıb. Uçuş-enmə zolağının yenidənqurması üçün ümumilikdə 121 min 000 ton asfalt-beton istifadə olunub. Ümumilikdə tikinti işləri 166 min 000 kv. metr ərazidə aparılıb.
Zaqatala Beynəlxalq hava limanının sahəsi 31 000 kv. metr olan yeni böyük və rahat perronu müasir geniş füzelyajlı təyyarələrə xidmət göstərməyə, həmçinin orada eyni vaxtda bir neçə orta magistrallı hava gəmilərini yerləşdirməyə imkan verir.
Yeni uçuş-enmə zolağının təchizatı üçün müasir naviqasiya və multilaterasiya sistemlərindən, həmçinin meteoroloji və işıq siqnalı avadanlıqlarından istifadə olunub. Zaqatala hava limanı ərazisində təhlükəsizlik zolaqları və radio-naviqasiya, metereoloji avadanlıqlarının yerləşdirilməsi üçün ərazinin şaquli planlaşdırılması işləri daxil olmaqla, 750 000 kub metrdən çox torpaq işləri görülüb. Uçuş-enmə zolağının uzadılması ilə əlaqədar yeni işıq-siqnal sistemləri qurulub və bu işıq-siqnal sistemləri dispetçerlər tərəfindən qüllədən idarə olunacaq. Aeroportun perimetri üzrə 5,5 km uzunluğunda mühafizə hasarı çəkilib, patrul yolu inşa edilib. Hava limanının ərazisinin çay qolu ilə kəsişməsiylə əlaqədar olaraq uçuş enmə zolağının yuyulub aparılmasının qarşısını almaq məqsədilə uzunluğu 182 metr olan 3x2 metr ölçüdə tunel tikilib.
Qeyd edək ki, Zaqatalada 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində aerovağzal binasında sıradan çıxmış havalandırma-istilik sistemlərin, kanalizasiya xətlərinin bərpası, aerovağzal binasının təmir işləri aparılıb. Vağzalyanı meydanda avtomobil dayanacağı 1200 kv. metr genişləndirilərək 150 minik avtomobilini qəbul olunması üçün şərait yaradılıb.
Zaqatala Beynəlxalq hava limanında xüsusi təyyarə-laboratoriya vasitəsilə sınaq uçuşları yerinə yetirilib, radiopellengator, enmə sistemləri, işıq-siqnal sistemləri uçuşla yoxlanılıb, nəticədə avadanlıq və sistemlərin mövcud yararlıq normalarına uyğunluğu təsdiq edilib.