Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 600 385 nəfər təşkil edib.
FED.az Gürcüstanın Milli Turizm Administrasiyasına istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% çoxdur.
Hesabat dövründə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən əcnəbilər arasında say baxımından birinci yeri tutub. Yalnız iyun ayında Azərbaycandan qonşu ölkəyə 114 652 nəfər səfər edib. Səfər edənlərin sayında illik müqayisədə 10% artım qeydə alınıb.
Cari ilin ilk altı ayı ərzində Gürcüstana ümumilikdə 3 561 961 əcnəbi ziyarətçi səfər edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ziyarətçilərin sayı 13,6% artıb. Turistlərin sayı isə 1 933 774 nəfər (+22,9%) olub.
Təkcə iyun ayında Gürcüstana 727 385 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 13,8% çoxdur. Turistlərin sayı isə 399 989 nəfər təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 20,7% çoxdur.