Sabirabadda Suqovuşan ərazisinin müasir turizm məkanına çevrilməsi təklif olunur.
FED.az xəbər verir ki, bu təklif mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Sabirabadda qəbul etdiyi vətəndaşlar tərəfindən səsləndirilib.
Qəbulda vətəndaşların mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı müraciətləri səslənib.
Şirvan şəhər sakinlər şəhərdəki Tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasının yenidən qurulması, Şirvan folklor evinin ikinci kateqoriyalı mədəniyyət evinə çevrilməsi, Uşaq musiqi məktəbində saz və kanon siniflərinin açılması, Rəsm qalereyasının fondunun yenilənməsini xahiş ediblər.
Sabirabaddan qəbula yazılan vətəndaşların müraciətləri Suqovuşan adlanan ərazinin müasir turizm məkanına çevrilməsi, rayonda Rəsm qalereyasının yaradılması, Tarix-diyarşünaslıq muzeyinin ikinci kateqoriyalı muzeylərə aid edilməsi barədə olub. Həmçinin, Şıxsalahlı kənd Sənətkarlıq evinin təmir edilməsi ilə bağlı minnətdarlıq ifadə olunub.
Saatlı sakinləri rayon ərazisində arxeoloji qazıntıların aparılması, keçirilən tədbirləri canlı izləmək üçün Bakıda və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri arasında canlı internet şəbəkəsinin yaradılması, rayon ərazisindəki qədim qəbirüstü abidələrin üzərindəki yazıların oxunması üçün mütəxəssislərin ezam olunması, Mərkəzi kitabxananın fondunun zənginləşdirilməsi üçün elektron nəşrlərin alınması ilə bağlı nazirə müraciət ediblər.
Hacıqabul sakinlərinin xahişləri mədəniyyət sahəsində çalışan qeyri-ixtisas təhsilli əməkdaşlar üçün öz hesablarına Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində kursların təşkili, Azərbaycan musiqi ədəbiyyatı üzrə tədris proqramının hazırlanması, musiqi məktəblərində çalışan müəllimlərin biliklərinin qiymətləndirilməsinin davam etdirilməsinə köməklik göstərilməsi barədə olub.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Regionlarda turizmin inkişaf etdirilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu deyən Ə.Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirildiyini deyib. Qeyd edib ki, Sabirabad rayonunda Kürlə Araz çayının qovuşduğu ərazidə - Suqovuşanda turizmin inkişafı, eyni zamanda mədəni tarixi abidələrin bərpa olunması və turizm məqsədləri üçün istifadə edilməsi barədə təkliflərə də baxılacaq.