Azərbaycanda turizm bazarının bütün iştirakçıları bir sistemə toplanacaq. FED.az xəbər verir ki, Nazirlər Kabineti ölkədə yaradılacaq Turizm Reyestrinin aparılması qaydasını təsdiqləyib.
Qaydaya əsasən, Reyestrə ölkədə turizm məqsədilə istifadə olunun bütün obyektlər, o cümlədən kurort, sanatoriyalar, turistlər üçün maraqlı olan tarixi, mədəni təbii yerlər, turistlərə göstərilən bütün xidmətlər, xidmət göstərləm üçün istifadə edilən obyektlər, hətta turistləri daşıyan nəqliyyat vasitələri və kirayə verilən evlər, otellər, hostellər barədə məlumatlar toplanacaq.
Reyestrə turoperator, turagent, turizm bələdçisi, aqroturizm obyekti, məsuliyyətli ekoturizm obyektləri, çimərlik operatoru, işgüzar turizm subyekti, ictimai iaşə obyekti restoranlar və el sənəti ilə məşğul oanlar haqqında məluiatlar olacaq.
Reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır.
Reyestr elektron formada aparılır və bununla Dövlət Turizm Agentliyi məşğul olacaq. Reyestrdə turizm sahəsində aparılan monitorinqlərin nəticələri də açıqlanacaq.
Burada obyektlərin adı ünvanı, rəhbərləri, iş qrafiki, VÖEN-i və ödəniş üsulları, otellərin otaq sayı və kateqoriyaları göstəriləcək.
Turoperator və turagentlər digər məsələlərlə yanaşı, turistlərin şikayətlərinin idarə edilməsi, turistlərlə bağlanılmış müqavilələrin ləğvi və kompensasiya siyasəti barədə məlumat da verməli olacaqlar. Turizm bələdçiləri isə bələdçilik etdiyi region və mövzu, təhsili, müvafiq sahə üzrə təhsilini və ya təlim (ixtisasartırma) proqramını bitirməsini təsdiq edən sənəd (olduğu halda), ilkin tibbi yardımın göstərilməsi üzrə təlimdə iştirakını təsdiq edən sənəd (olduğu halda), sahə üzrə iş stajı, əməkdaşlıq etdiyi turagentlərin adları və əlaqə vasitələrini göstərməlidirlər.
Restoranlar isə digər məlumatlarla yanaşı, ixtisaslaşdığı kulinariya sahəsi, menyu, obyektin sahəsi və oturacaqların sayını gösğərməlidirlər.
Turizm nəqliyyatı ilə məşğul olan şəxslər: avtomobillərinin sayı və hər avtomobildəki oturacaqların sayı, sürücülərin sayı və dil bilgisi, xidmət göstərdikləri şəhərləri açıqlamalıdırlar.
Reyestrə məlumatların bir hissəsini Dövlət Turizm Agentliyi, digərini turizm sektoru iştirakçıları özləri daxil edəcək, burada onların adına elektron kabinet açılacaq. Reyestrdən istifadə və Reyestrdən məlumatların əldə edilməsi ödənişsiz olacaq.