“Ölkəyə turist gətirən tur operatorlara güzəştlərin tətbiqi ilə bağlı Dövlət Turizm Agentliyi layihə üzərində işləyir”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti müzakirəsi turizm biznesindəki mövcud vəziyyət və perspektivlərə həsr olunmuş forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Nadir Adilov deyib.
“ASAN viza xidməti ilə bağlı çatışmazlıqların quru sərhədində aradan qaldırılması kimi xidmətlərin təşkil olunması ilə bağlı məsələ Turizm Agentliyi tərəfindən müvafiq dövlət qurumları qarşısında qaldırılıb. Yaradılacaq işçi qrup çərçivəsində bu məsələ müzakirə olunacaq”.
Sədr müavininin sözlərinə görə, turistlərlə bağlı mərkəz yaradılacaq: “Turistlərin istehlakçı hüququnun qorunması şərtlərinə çevik şəkildə baxılması, onların təhlükəsizliyi ilə bağlı agentlik tərəfindən Turistlərə Yardım Mərkəzinin yaradılması nəzərdə tutulub. Hazırda Mərkəzin yaradılması ilə bağlı planlama işləri aparılır. Layihə çərçivəsində Agentlik DİN ilə əməkdaşlıq edir”. O həmçinin qeyd edib ki, agentlik tərəfindən “Turizm haqqında” qanun layihəsi hazırlanaraq, əlavə və təkliflər üçün əlaqədar dövlət qurumlarına göndərilib. Onun sözlərinə görə, növbəti mərhələdə qanun layihəsinin turizm sənayesinin subyektləri daxil olmaqla ictimai müzakirəyə çıxarılması nəzərdə tutulur.