Banner

Turizm

Azərbaycanda iş adamlarına sürpriz – KREDİTİ HÖKUMƏT QAYTARIR

Azərbaycanda iş adamlarına sürpriz – KREDİTİ HÖKUMƏT QAYTARIR | FED.az
09:20 27 Dek 2018

Azərbaycanda iş adamları və şirkətlər üçün mühüm, hətta ilk baxışdan inandırıcı olmayan yeniliyə start verilib.
FED.az xəbər verir ki, artıq bəzi sahibkarların banka olan kredit faizlərini dövlət ödəyir. Söhbət İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə  biznes kreditlərinə zəmanətin və subsidiyaların verilməsindən gedir.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanəti fondu sahibkarların maliyyə vəsaitlərinə çıxışını artırmaq, yəni daha asan kredit alması üçün 2017-ci ilin sonunda yaradılıb. Dövlət başçısının bununla bağlı fərmanında fondun hansı prinsiplərlə işləyəcəyi, kreditlərə zəmanəti və subsidiyaların necə veriləcəyi də əksini tapıb. 
 
Zəmanət hansı kreditlərə verilir?
«Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi» Qaydasına əsasən, kreditlərə zəmanət aşağıdakı şərtlərlə verilir:
- kreditin məbləği 30 min manatdan az olmamalıdır;
- bir borcalanın bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 5 milyon manatdan, bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği isə 10 000 000 (on milyon) manatdan çox olmamalıdır
- kreditin müddəti 7 ildən çox olmamalıdır;
- kredit xəttinin müddəti 12 aydan artıq olmamalıdır;
- kredit üzrə güzəşt müddəti 2 ildən artıq olmamalıdır;
- dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2  ildən artıq olmamalıdır;
- bir borcalan üzrə bir zəmanətin aşağı həddi 15 min manat, bütün zəmanətlərin yuxarı həddi isə 3 milyon manat məbləğində olmalıdır;
- bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə veriləcək zəmanətlərin məbləği 6 milyon manatdan çox olmamalıdır; 
- zəmanət kreditin yalnız əsas borcu üzrə verilməlidir;
- bir kredit üzrə zəmanətin kreditə nisbəti 15%-dən az, 75%-dən çox olmamalıdır.
 
Göründüyü kimi, zəmanət veriləcək kreditlərin məbləği 30 min manatdan başlayaraq 5 milyon manatadək, bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə isə 10 milyon manatadək təşkil edir. Başqa sözlə, 30 min manatdan başlayaraq daha yuxarı məbləğdə, məsələn 40-50 min manat, eləcə də 100-200 min və ya 500-800 min manat krediti olan sahibkarlar da bundan istifadə edə bilər.
 
Tutaq ki, bankdan 500 min manat kredit götürmüsünüz

Kredit zəmanəti mexanizminin necə işlədiyini göstərmək üçün bir misal çəkək: Tutaq ki, sahibkar bankdan illik 18%-lə 500 min manat kredit götürür. Onun əvvəlcədən müraciətinə əsasən, həmin kreditə İpoteka və Kredit zəmanət fondu tərəfindən zəmanət verilir. Qeyd edildiyi kimi, zəmanətin məbləği kreditin 15-75% arasında dəyişməlidir. Yəni sözügedən sahibkarın əldə etdiyi kreditə azı 75 min manat olmaqla 375 min manatadək zəmanət veriləcək. Bu o deməkdir ki, kreditin qaytarılmasında çətinlik olarsa, fond zəmanət verdiyi hissəsini banka ödəyəcək. Bununla da bankın riskləri demək olar ki, tamamilə qarşılanır.
Zəmanətin hansı həddə olmasını fond özü, sahibkarın müraciəti və ona təqdim edilən məlumatlar əsasında müəyyənləşdirəcək.

Kredit faizlərini də dövlət ödəyir
Amma kreditlərə zəmanət verilməsi və kredit almağın asanlaşdırılması iş adamlarına dəstəyin yalnız bir tərəfidir. İkinci mühüm yenilik isə odur ki, sahibkarların bank kreditləri üzrə faizlərinin bir hissəsini də İpoteka və Kredit Zəmanət Fondu ödəyəcək.
Belə ki, zəmanət verilmiş kreditlərin müddətindən asılı olaraq Fond həmin kreditlər üzrə 8-10% miqdarında illik faiz subsidiyası ödəyir. Daha sadə desək, sahibkarın bankdan götürdüyü kreditin faizlərinin 8-10%-ni fondun timsalında dövlət ödəyəcək. 
 
Dövlət hansı kreditlərin faizini ödəyəcək?
Bum əqam «Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi» Qaydasında göstərilib. Qaydaya əsasən, faiz subsidiyası aşağıdakı hallarda verilə bilər:
 
- Kredtin illik faiz dərəcəsi 20%-dən çox olmasın;
- Kredit üzrə faizlərin azı 6%-ni sahibkar ödəyəcək;
- Dövlət hesabına verilən güzəştli kreditlərə subsidiya şamil edilmir.
 
Kreditin faizinin hansı hissəsinin dövlət tərəfindən ödəniləcəyi kreditin müddətindən asılıdır. Belə ki, müddəti 3 il və ondan az olan kreditlərdə illik faiz dərəcəsinin 8 faizini, müddəti 3 ildən artıq olan kreditlərdə isə illik faiz dərəcəsinin 10 faizini  dövlət ödəyəcək. Müddəti 3 ildən artıq olan kreditlər üçün faiz subsidiyası maksimum 3 il müddətində verilir.
 
Tutaq ki, bankdan 1 milyon manat kredit götürürsünüz

Subsidiya mexanizminin necə işləyəcəyini misalla izah edək: Tutaq ki, hər hansı sahədə çalışan sahibkar bankdan 3 il müddətinə illik 18% olmaqla,  1 milyon manat kredit götürür. Sadə hesablamalar göstərir ki, bu kreditin qaytarılması üçün aylıq ödəniş 36,1 min manat, sahibkarın 3 il ərzində banka faiz şəklində ödədiyi əlavə vəsait isə 301,5 min manat təşkil edir. Qaydalara görə, kreditin müddəti 3 il və ya daha artıq olduqda kreditin faiz dərəcəsinin 10%-i dövlət tərəfindən ödənilir. Hesablamalar göstərir ki, bu halda banka faiz kimi ödənilən məbləğin təqriğən 170 min manatlıq hissiə dövlət tərəfindən  ödəniləcək. Sahibkarın ödədiyi faizlər isə 300 min deyil, 130 min manat təşkil edəcək. Bu sadə hesablama yeni tətbiq edilən mexanizmin sahibkarlar üçün nə qədər sərfəli olduğunu göstərir.

Kreditə zəmanət və subsidiya kimə sərfəlidir?
Azərbaycanda kreditlərə zəmanət və subsidiya mexanizminin işə düşməsi ilk baxışdan yalnız iş adamları üçün sərfəli görünür – yeni mexanizm vasitəsilə onlar daha asan kredit alır, üstəlik, faizlərin ödənilməsində dövlət onlara dəstək verir. Belə ki, bu mexanizm vasitəsilə iş adamlarının kredit faizlərinin 8-10%-i dövlət tərəfindən ödənilir. Amma yenilik həm də banklar və son nəticədə dövlətə də sərfəlidir.
Məsələ bundadır ki, hazırda bank sektoru izafi likvidlikdən əziyyət çəksə də, yəni sadə desək, kredit vermək üçün artıq vəsaitləri olsa da, etibarlı müştəri qıtlığı ilə üzəşib. Hətta bank qanunvericiliyində nəzərdə tutulan təminat mexanizmləri (məsələn, kreditin məbləğinin 150%-i qədər girov təminatı və sair) də kreditin qaytarılmasına tam təminat vermir. Qaytarılmayan kreditə görə girovun bankın sərəncamına keçməsi də bankları qətiyyən razı salmır, çünki bu girovu reallaşdırmaq tələb olunur. Bu isə böyük vaxt və vəsait itkisidir. Belə vəziyyətdə banklar üçün kənardan, yəni İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən təminat həlledici imkandır. Banklar əmin olur ki, sahibkar krediti qaytarmaqda çətinlik çəkərsə, həmin kredit dövlət tərəfindən qaytarılacaq. Bu halda banklar krediti daha rahat və əlverişli şərtlərlə təmin edə bilirlər.
 
Pulu dövlət verir, amma dövlətə də sərfəlidir
Nəhayət, yeni mexanizm, bu yeniliyə görə, əlavə xərclər çəkən dövlətə də sərfəlidir. Dövlət bu mexanizm vasitəsilə həm bank sektorunun, həm də sahibkarların aktivliyinə nail ola bilir. Kreditə zəmanət, kreditlərin qaytarılmasında subsidiyalar kimi mexanizmlər bank və iş adamlarına daha güvənli şəraitdə biznes qurmağa, yeni layihələr reallaşdırmağa şərait yaradır.
Nəticədə həm iqtisadi aktivlik, həm də yeni iş yerlərinin yaradılması və normal iqtisadi həyat təmin edilir.
 
Güzəştli kreditlər qədər faydalıdır
Sahibkarlara faydasına və əhəmiyyətinə görə, bu yenilikləri Sahibkarlığa Yardım Fondunun yaradılması və güzəştli kreditlərin verilməsi ilə müqayisə etmək olar. Üstəlik, güzəştli kreditlərdən fərqli olaraq, bu yenilikdə sahibkar bank münasibətlərində ortaya çıxacaq bütün məqamlar əvvəlcədən tənzimlənir. Bu iş adamları və banklar üçün ən uğurlu variantdır.
 
Prose sbir qədər də sadələşəcək
Fonddan FED.az-a bildirilib ki, ötən dövr ərzində Fondun zəmanət və subsidiya mexanizminin tətbiqi üzrə bütün normativ-hüquqi baza yaradılıb, təşkilati və struktur məsələləri həll edilib. Artıq 13 bank müvəkkil qismində əməkdaşlığa cəlb olunub və oktyabr ayından etibarən Fondun zəmanəti ilə sahibkarlara kredit verilməsinə başlanılıb. İndiyədək iş adamlarına 17 milyon manat məbləğində kredit verilib: «Sahibkarların zəmanət və subsidiya alınması ilə bağlı müvəkkil banklara müraciətlərində sürətli artım müşahidə edilir»-deyə fonddan bildirilib.
Hazırda Fond tərəfindən sahibkarlıq kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi, kredit almaq istəyən şəxslər üçün bərabər şəraitin yaradılması, müraciətlərə baxılması zamanı şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi yaradılır. Elektron sistemin bu ilin ikinci rübündə istifadəyə verilməsi gözlənilir.

Digər xəbərlər

Banner