“Azərbaycanda orta səviyyəli hotellərin gəlirinin 65%-i otaq, 25%-i iaşə, 10%-i isə digər əlavə xidmətlər hesabına formalaşır”.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Hotel Assosiasiyasının (AHA) 2-ci Baş Assambleyasında çıxış edən qurumun hökumətlə əlaqə və tənzimləmə üzrə işçi qrupunun rəhbəri Elgün Məmmədov deyib.
Onun sözlərinə görə, belə otellərin xalis mənfəətinin onların gəlirinə nisbəti 6%-i ötmür: “Hotellər gəlirinin 40%-ni əmək haqqı fonduna, 25%-ni digər fondlara, 10%-ni satış əməliyyatlarına, 9%-ni amortizasiyaya, 8%-ni qeyri-satış əməliyyatlarına, 2%-ni isə gəlir vergisinə yönəldir. Burada onlara qalan cəmi 6% olur. Bu rəqəm də iş adamlarına əsas verir ki, hotel açsınlar yoxsa başqa işlə məşğul olsunlar”.
AHA-nın turizm nöqtələri və məhsulların inkişafı üzrə işçi qrupunun rəhbəri Firuz Süleymanov isə bildirib ki, gələcəkdə bütün hotellərin internet saytından nömrə bron etmək mümkün olacaq.
“Hotellər turistlərin istəklərini də nəzərə almalıdır. Tez-tez eşidirik ki, Çindən gələn turistlər daha yağlı, Hindistandan gələn turistlər isə daha acı qidalar istəyir”, – deyə o, qeyd edib.
Eləcə də bax: Xarici turistlər Azərbaycanda yeməyə - YARIM MİLYARD PUL XƏRCLƏYİBLƏR
©Report