Turizm

Azərbaycanda hotellərə ulduzların - NECƏ VERİLƏCƏYİ AÇIQLANDI

Azərbaycanda hotellərə ulduzların - NECƏ VERİLƏCƏYİ AÇIQLANDI | FED.az
11:32 27 Fev 2020

Bu gün Azərbaycan Hotel Assosiasiyası Milli Ulduz Təsnifatı Sistemi barədə təlim keçirərək hotellərə ulduzların verilməsi prosedurlarını açıqlayıb.

Eləcə də bax: Azərbaycanda hotellərin aldıqları - ULDUZLARA UYĞUNLUĞU YOXLANACAQ

FED.az məlumat verir ki, təlim zamanı iştirakçılar ulduzlaşma qaydaları, tətbiq olunma metodu, lazımi sənədlər və minimum meyarlarla bağlı məlumatlandırılıblar.

Eyni zamanda təlimdə yeni ulduz təsnifatı sisteminin, xüsusilə Azərbaycan hotelçilik sənayesi və turizmi üçün əhəmiyyətindən və üstünlüklərindən bəhs edilib.

Diqqətə çatdırılıb ki, ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna cari ilin may ayından etibarən başlanılacaq.

Tədbirdə, həmçinin dünyanın su, sanitariya və enerji texnologiyaları üzrə ixtisaslaşmış qlobal şirkəti olan “Ecolab”ın Azərbaycan üzrə nümayəndəliyi “Ecober” tərəfindən hotellərdə gigiyena və təmizlik standartları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən təhlükəsizlik standartlarının əhəmiyyəti barədə məlumat verilib.

Bildirilib ki, bu növ təlimlər ilk olaraq Bakıda, sonra isə regionlarda davamlı olaraq təşkil olunacaq. Həmçinin Milli Ulduz Təsnifat Sisteminin icrasının Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.

Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un təsnifat meyarları əsasında hazırlanıb.

Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür.

Reprot

Digər xəbərlər

Banner