Koronavirusla əlaqədar yaranan qlobal problemə görə ölkədəki hotellərin dolma göstəricisi aşağı düşüb. Hazırda bu göstəricilər dəqiqləşdirilir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının (AHA) Baş icraçı direktoru Günay Sağlam deyib.
Eləcə də bax: Azərbaycanlılar xaricə səyahətlərini – LƏĞV ETMƏYƏ BAŞLAYIBLAR
Onun sözlərinə görə, hotellərdə bronlaşdırılan yerlərin ləğvi davam etdiyindən qarşıdakı aylarda da dolma göstəricinin aşağı olmasının müşahidə ediləcəyi gözlənilir:
"Bu prosesin nəinki Azərbaycanda, bütün dünyada müşahidə edildiyini deyən G.Sağlam hazırda hotellərdə koronavirusla əlaqədar dezinfeksiya tədbirlərinin davam etdiyini, işçilərin müvafiq biliklərlə təlimatlandırıldığını nəzərə çatdırıb".
AHA rəsmisi qeyd edib ki, dünya təcrübəsini nəzərə alaraq, hotellərin istifadə edə bilməsi üçün koronavirusla bağlı məlumatlandırıcı buklet də hazırlayırlar.
G.Sağlam indiyədək hotellərdə xəstəlik hallarının qeydə alınmadığını da bildirib. O əlavə edib ki, mövcud vəziyyətin öyrənilməsi üçün hotelçilərlə görüşlər keçirilir:
”Hazırda ümumən dünya turizmində problemlər var. Biz ölkə turizminə dəyən zərəri dəqiqləşdirib sənayeyə dövlət tərəfindən dəstək edilmə məsələsini müzakirə edir və təkliflərimizi hazırlayırıq”.
Onun sözlərinə görə, martın 11-dən Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə yaradılmış “Macəra Yaxındadır!” kampaniyasına start götürüb:
"Kampaniya Azərbaycan vətəndaşları və Azərbaycanda müvəqqəti yaxud da daimi yaşamaq icazəsi olan şəxslər üçün ölkədaxili turizm paketlərini bir yerə cəmləyən platformadır. Bu kampaniya hotelçillər tərəfindən çox yaxşı qəbul edildi. Əslində, bu, yaranmış vəziyyətdən çıxmaq üçün dünyada tətbiq olunan təcrübənin bir parçasıdır. Çünki Avropa ölkələrində də belə bir təcrübə var".
Trend