2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çoxdur.
Gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 24,3 faizi Gürcüstan, 10,5 faizi Türkiyə, 7,5 faizi İran, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,4 faiz olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3 faizi Pakistan, 12,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68,0 faizini kişilər, 32,0 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-iyun aylarında gələnlərin sayında daha çox artım Misir (83,1 faiz), Türkmənistan (81,0 faiz), Hindistan (80,3 faiz), Çin (77,1 faiz), Səudiyyə Ərəbistanı (76,7 faiz), Macarıstan (52,4 faiz), Böyük Britaniya (35,7 faiz), Kanada (30,8 faiz), Cənubi Koreya (29,5 faiz), Almaniya (27,2 faiz), Yaponiya (24,6 faiz), Pakistan (24,4 faiz), Gürcüstan (22,8 faiz) və Polşa (20,2 faiz) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3 faiz artaraq 66,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 5,0 faiz artaraq 502,5 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,0 faizi dəmir yolu və avtomobil, 40,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artaraq 2540,9 min nəfər olub. Ölkə vətəndaşlarının 39,1 faizi İrana, 27,1 faizi Gürcüstana, 18,1 faizi Rusiya Federasiyasına, 10,2 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 65,7 faizini kişilər, 34,3 faizini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4 faiz, Gürcüstana gedənlərin sayı 11,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,4 faiz artıb.
Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,4 faizi dəmir yolu və avtomobil, 15,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.