Bu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da ötən ilin iyul ayına nisbətən 10,6% çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir.
Eləcə də bax:British Airways bütün uçuşlarını - TƏXİRƏ SALIB
Məlumatda həmçinin deyilir ki, qonaqların üçdə birindən çoxunu 35%-lə Rusiyadan gələnlər təşkil edib. 1 il əvvəllə müqayisədə Rusiyadan 11 min və yaxud 10% çox qonaq gəlib.
İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə bu ölkədən 12 min və yaxud 26% daha çox xarici vətəndaş gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.
Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə - 29 minə çatıb.
2019-cu ilin yanvar-iyul aylarında isə Azərbaycanı 1,8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk 7 ayı ilə müqayisədə 122 min və yaxud 7,4% çoxdur.
Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.
Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb.