2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 195 ölkəsindən 2633,5 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gələnlərin 31,1 faizi Rusiya, 20,9 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,6 faizi İran, 3,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 1,5 faizi İsrail, 17,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 65,7 faizini kişilər, 34,3 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,1 faizi yanvar, 6,4 faizi fevral, 10,5 faizi mart, 8,3 faizi aprel, 7,9 faizi may, 10,2 faizi iyun, 12,5 faizi iyul, 12,2 faizi avqust, 8,8 faizi sentyabr, 8,0 faizi oktyabr, 8,1 faizi isə noyabr ayında ölkəyə gəlib.
Eləcə də bax: Azərbaycana Hindistandan turistlər gələcək
Cari ilin yanvar-noyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib.
Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 1,9 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 10,4 faiz, Oman vətəndaşlarının sayı 8,5 faiz artmışdır. İrandan gələnlərin sayında 33,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,5 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 518,1 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.
2018-ci ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,1 faiz artaraq 106,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 971,3 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,1 faizi dəmir yolu və avtomobil, 41,9 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə edib.