2018-ci ilin 3 ayı ərzində Azərbaycana 627 835 nəfər xarici vətəndaş səfər etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 min 207 nəfər və ya 12.6% artım deməkdir.
FED.az Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, xarici vətəndaşların 185 min 913 nəfəri yanvar, 166 min 161 nəfəri fevral və 275 min 761 nəfəri isə mart ayı ərzində ölkəmizə səfər etmişdir.
Ölkəmizə səyahət edən xarici vətəndaşların sayına görə ənənəvi olaraq Rusiya Federasiyası (171 min 814 nəfər), Gürcüstan (138 min 909 nəfər), İran İslam Respublikası (99 min 158 nəfər) və Türkiyə (72 min 733 nəfər) liderlik etmişdir. Bununla yanaşı, BƏƏ (29 min 317 nəfər), Ukrayna (11 min 847 nəfər) və İraq (11 min 112 nəfər) vətəndaşları da Azərbaycana gələnlərin sırasında seçilmişdir.
2018-ci ilin 3 ayı ilə keçən ilin müvafiq dövrünü müqayisə etdikdə xüsusi artım tempinə görən seçilən ölkələr Gürcüstan (15 min 684 nəfər və ya 12.7%), Rusiya Federasiyası (11 min 188 nəfər və ya 6.97%), Türkiyə (8191 nəfər və ya 12.7%), BƏƏ (6931 nəfər və ya 31%) və Küveyt (5621 nəfər və ya 614%) olmuşdur.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 3 ayı ərzində Azərbaycana səfər edən xaricilərin əsas hissəsi MDB ölkələri və Gürcüstan (342 min 457 nəfər və ya 54.5%), Fars körfəzi və Yaxın şərq ölkələri (166 min 976 nəfər və ya 26.5%) və Avropa ölkələrinin (93 min 122 nəfər və ya 14.8%) payına düşmüşdür.
Cari ilin 3 ayı üzrə sözügedən hər üç regiondan ölkəmizə gələnlərin sayında keçən illə müqayisədə artım baş vermişdir. Belə ki, MDB ölkələri və Gürcüstan region üzrə 28 min 560 nəfər (9.0%), Fars körfəzi və Yaxın şərq ölkələri üzrə 23 min 22 nəfər (15.9%) və Avropa regionu üzrə 8 008 nəfər (9.4%) artım müşahidə edilmişdir.