Azərbaycana gələn İrak vətəndaşları 19% artıb
00:15
19 Sen 2018
2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% artıb.
FED.az Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən xəbər verir ki, bu ilin 8 ayında Azərbaycana 193 ölkədən 1976,9 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Onların ölkələr üzrə statistikası belədir:
Rusiya Federasiyası - 31,6%
Gürcüstan - 19,5%
Türkiyə - 9,8%,
İran - 9,4%,
Birləşmiş Ərəb Əmirlikləri - 3,5%,
İraq - 2,6%,
Ukrayna - 2 %,
digər ölkələrin vətəndaşları - 21,5%,
vətəndaşlığı olmayan şəxslər - 0,1%.
Gələnlərin 66,4 faizini kişilər, 33,6 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 9,4 faizi yanvar, 8,4 faizi fevral, 14,0 faizi mart, 11,0 faizi aprel, 10,5 faizi may, 13,6 faizi iyun, 16,7 faizi iyul, 16,4 faizi isə avqust ayında ölkəyə gəlib.
Bu ilin yanvar-avqust aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı və Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 19,0 faiz, Oman vətəndaşlarının sayı 9,5 faiz artıb.
Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 5,6 faiz, İrandan gələnlərin sayında isə 25,4 faiz azalma müşahidə edilmişdir. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 0,5 faiz artaraq 433,6 min nəfər təşkil etmiş və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olmuşdur.
2018-ci ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,0 faiz artaraq 77,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 faiz artaraq 734,0 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,1 faizi dəmir yolu və avtomobil, 42,9 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə etmişdir.