2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, gələnlərin 30,7%-i Rusiya Federasiyası, 24,5%-i Gürcüstan, 13%-i Türkiyə, 7,2%-i İran, 4,4%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,2%-i Ukrayna, 1,7%-i İraq, 16,2%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70%-ni kişilər, 30%-ni isə qadınlar təşkil edib.
İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar ayı ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,9 dəfə, Qətər vətəndaşlarının sayı 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,6 dəfə, Oman vətəndaşlarının sayı 2,1 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,5 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə artıb. İrandan gələnlərin sayında 5,3% azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 35,2% artaraq 32,9 min nəfər olub.
2018-ci ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7% azalaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,9% artaraq 67,3 min nəfər olub.
Cari ilin yanvar ayında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62%-i dəmir yolu və avtomobil, 37,3%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.
2017-ci ilin yanvar ayına nisbətən xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3% azalaraq 299,3 min nəfər olub. Ölkə
vətəndaşlarının 32,6%-i Gürcüstana, 23,8%-i İrana, 23,4%-i Rusiya Federasiyasına, 12,5%-i Türkiyəyə, 1,9%-i Ukraynaya, 1,5%-i Birləşmiş Ərəb Əmirliklərinə, 4,3%-i isə digər ölkələrə səfər edib.
Xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 78,3%-i dəmir yolu və avtomobil, 20,8%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.
Azərbaycana ən çox hansı ölkədən turist gəlib - SİYAHI
13:54
23 Fev 2018