Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı “Buta Airways”-ə məxsus yeni “Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olmuşdur. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilmişdir.
Yeni təyyarə loukosterin donanmasında sayca yeddincidir və aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək.
“Buta Airways”in yeni təyyarəsi Naxçıvan Muxtar Respublikasının bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə adlandırılmışdır.
Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanmışdır. Qarşılama mərasiminin xüsusi qonağı işğaldan azad olunan Günnüt kəndinin sakini oldu.
Günnüt təyyarəsinin qarşılanması haqqında videoçarxı ilə aşağıdakı linkdə tanış olmaq olar:
https://youtu.be/2BbBLLSVMy8
Qeyd edək ki, yaxın zamanda “Buta Airways”in donanmasına bu tip daha bir yeni təyyarənin əlavə olunması gözlənilir. Hava gəmisi parkına yeni təyyarələrin əlavə olunması aviaşirkətin marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.
AZAL yeni təyyarəsinə işğaldan azad olan kəndin adını verdi
17:08
18 Sen 2018