Noyabrın 15-də Çin Xalq Respublikasının Pekin şəhərində Azərbaycanın milli aviadaşıyıcısı AZAL, Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu və “China Tourism Group” arasında turizm sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, imzalanma mərasimində AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, “China Tourism Group”un baş direktorunun müavini Van Çençen və digər rəsmi şəxslər iştirak ediblər.
Memorandum çərçivəsində Azərbaycanda yeni turizm məhsullarının yaradılması, onların təşviqi, həmçinin onlayn və əyani şəkildə müxtəlif tədbirlərin təşkili üzrə birgə işlərin görülməsi nəzərdə tutulur.
“Bu təşəbbüs Azərbaycan və Çin arasında turizmin inkişafı və turist axınının artırılmasına töhfə verəcək. AZAL müasir təyyarə parkına malik dünyanın sürətlə inkişaf edən aviadaşıyıcılarından biridir və marşrut şəbəkəsini daima genişləndirməkdədir. Belə ki, aviaşirkət dekabr ayından etibarən Çinin paytaxtı Pekinə uçuşlar həyata keçirməyi planlaşdırır. Bundan əlavə, AZAL gələcəkdə Çin istiqamətlərini inkişaf etdirməyə hədəflənib”, — deyə AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Çinin getmə turizmi üzrə geniş potensialının mövcudluğunu qeyd edib. İmzalanmış memorandumun Azərbaycana səfər edən Çin vətəndaşlarının sayının daha da artmasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Florian Zenqstşmid 2023-cü ilin yanvar-oktyabr dövrü ərzində Çindən Azərbaycana səfər edən ziyarətçilərin sayının 20 469 nəfər olduğunu, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım sayıldığını bildirib. O, bu rəqəmlərin çinli səyahətçilərin Azərbaycana xüsusi marağının göstəricisi olduğunu vurğulayıb.