Antalya vilayətinin hakimiyyət orqanları eyniadlı şəhərin meri Muhittin Böcekin turist vergisinin tətbiq olunması təklifinə qarşı çıxıb.
FED.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, iyul ayının əvvəlində Muhittin Böcek bələdiyyə gəlirlərinin şəhər infrastrukturunun yaxşı vəziyyətdə saxlanılması üçün kifayət etmədiyini bildirib. O, digər dövlətlərdəki analoji təcrübəyə əsaslanaraq, əyalət ərazisində keçiriləcək bir gecə üçün 1,5 avro həcmində turist vergisinin tətbiq olunmasını təklif edib.
Antalya vilayətinin hakimiyyət orqanları isə öz növbəsində turist vergisi ideyasını dəstəkləməyib. Eyniadlı administrativ mərkəzdən başqa bu turistik bölgəyə, həmçinin Alaniya, Gazipaşa, Demre, Belek, Kemer, Serik, Side, Kumluca, Manavgat kimi sahilyanı şəhərlər və kurort rayonları da daxildir.
Vilayətin mədəniyyət və turizm direktoru İbrahim Akarın sözlərinə görə, hazırda turizm vergisinin tətbiq edilməsi barədə planlar mövcud deyil və bu, Antalya merinin şəxsi fikridir.