Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi ilə bağlı son dövrlər regionlarda müəyyən problemlərin yarandığı bildirilir. Məsələ xüsusilə torpaqların özəlləşdirilməsi və sənədləşdirilməsi mərhələsində ortaya çıxan qiymət fərqləri ilə bağlıdır.
Bələdiyyə torpaqları üzərində hərrac və ya müsabiqə hansı qaydada keçirilir?
Qüvvədə olan qanuna əsasən bələdiyyə torpaqlarının qiymətləndirilməsi yalnız Dövlət İmtahan Mərkəzində imtahan verərək sertifikat almış peşəkar qiymətləndiricilər tərəfindən həyata keçirilir.
Eyni zamanda, bələdiyyələr torpaq sahələrini satışa çıxararkən və ya vətəndaşlar torpaqlarını sənədləşdirmək istədikdə, həmin torpaqlar müstəqil qiymətləndiricilər tərəfindən dəyərləndirilir və rəsmi rəy hazırlanır. Lakin bir sıra hallarda regionlarda bələdiyyələrin sifarişi ilə müəyyən edilmiş qiymətlər sonradan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədrinin birinci müavini Fərid Rüstəmov bildirib ki, qanunvericiliyə əsasən sertifikatlı qiymətləndiricilərin rəyi hüquqi qüvvəyə malikdir və inzibati qaydada qiymətin dəyişdirilməsi düzgün yanaşma hesab edilə bilməz.
Onun sözlərinə görə, qiymətlərin süni şəkildə artırılması vətəndaşların torpaqlarını rəsmiləşdirməyə marağını azaldır. “Əgər vətəndaş illərlə istifadə etdiyi torpaq sahəsini sənədləşdirmək istəyirsə və bazar qiyməti 500 manat müəyyən olunursa, lakin ondan üç dəfə artıq məbləğ tələb edilirsə, bu, həm sosial narazılıq yaradır, həm də prosesin ləngiməsinə səbəb olur”, – deyə o vurğulayıb.
Ekspert hesab edir ki, bu cür yanaşma dövlət büdcəsinə daxilolmaların azalmasına da təsir göstərə bilər. Çünki yüksək məbləğlər səbəbindən vətəndaşlar torpaqlarını rəsmiləşdirməkdən çəkinir və nəticədə sənədsiz torpaq problemi daha da dərinləşir.
Fərid Rüstəmov qeyd edib ki, bu sahədə şəffaflığın və normativ aktların birmənalı tətbiqinin təmin olunması həm vətəndaşların hüquqlarının qorunmasına, həm də torpaq bazarında sabitliyin formalaşması baxımından əhəmiyyətlidir.













