Azərbaycanda istehsal olunan qara kürü yaxın vaxtlarda Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarıla bilər.
Azərbaycandan iki ölkəyə 3.6 ton qurbağa ayağı ixrac olunub
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı məlumat verib.
"2025-cı ilin sonuna və yaxud 2026-cı ilin əvvəlinə Avropa İttifaqı ölkələrinə ixrac barədə düşünürük. Hazırda bu istiqamətdə danışıqlar aparılır, əlaqələr qurulur", - deyə o qeyd edib.
Qara kürü ixracının daha böyük potensialı var
Z.Salmanlının sözlərinə görə, son illər Azərbaycanda bir neçə yeni balıqçılıq müəssisəsi yaradılıb: "Onlar əsasən nərə cinsli balıq yetişdirilməsi üzrə ixtisaslaşıb. Bu balığa tələbat böyükdür, lakin onun kürüsünün ixracının daha böyük potensialı var. Biz İqtisadiyyat Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə təklif etmişik ki, nərə balığı yetişdirilməsinə və qara kürü istehsalına ayrıca yanaşılsın, bu sahədə xüsusi qayğı və dəstək göstərilsin. Bununla da Azərbaycan ənənəvi məhsullarından birinin hesabına dünyada tanınacaq, həm də iqtisadiyyatımıza ciddi töhfəsi olacaq".
Vəziyyət ümidvericidir, çətinliklər qalmaqdadır
Z.Salmanlının sözlərinə görə, hazırda ölkədə balıqçılıq sahəsində ümumi vəziyyət ümidvericidir, amma çətinliklər hələ də qalmaqdadır: "2024-cü ilin dekabrında ölkə Prezidentinin fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb. Bununla balıqçılıqla bağlı bütün səlahiyyətlər Ekologiya Nazirliyindən alınaraq onlara verilib. Amma həmin Mərkəzin tam formalaşması və fəaliyyətinə obyektiv qiymət verilməsi üçün vaxt lazımdır. İşlər gedir, orada çalışan gənc mütəxəssislər əllərindən gələni edirlər ki, ən qısa zamanda nəticələr əldə olunsun.
Biz mərkəzlə mütəmadi əlaqə saxlayırıq. Yaxın günlərdə onlar genişmiqyaslı beynəlxalq tədbir keçirəcək və orada da bizim qurum təmsil olunacaq. Mövzular əsasən balıqçılıq sahəsinin inkişafı ilə bağlıdır. Hansı məsələlər prioritetdirsə, mərkəz onların üzərində işləyir. Ümid edirəm ki, 2026-cı ildən etibarən Kənd Təsərrüfatı Nazirliyinin verdiyi dəstəkdən tam yararlanacağıq. Bu dəstək mexanizmlərinə vergidən azadolma, texniki dəstək və başqa mexanizmlər daxildir".
Təsərrüfatlar intensiv şəkildə qeydə alınır
Sədr deyir ki, hazırda Azərbaycanda balıqçılıq təsərrüfatlarının intensiv şəkildə qeydiyyatı aparılır: "Qeydiyyatdan sonra onların idarə olunması mexanizmi müəyyən ediləcək. Balıq növlərinə görə sahə daxili alt-sektorların necə idarə olunacağına da qərar veriləcək. İşlər bu istiqamətdə davam edir".
Onun fikrincə, görülən tədbirlər müsbət nəticə verəcək və gələcək hesabatlarda da öz əksini tapacaq: "Bildiyiniz kimi, dövlət başçısı da tövsiyələrində ictimai təşkilatların iştirakına və ictimai rəyin öyrənilməsinə xüsusi diqqət ayırır. Biz də bu tövsiyə və tapşırıqlara uyğun olaraq çalışırıq. Dünya təcrübəsinə görə, ictimai təşkilatlara səlahiyyətlər verilməli, onlar iqtisadiyyatın müxtəlif sektorlarının idarə olunmasında yaxından iştirak etməlidirlər".
Balıq və dəniz məhsullarının istehsalı
2024-cü ildə Azərbaycanda ovlanmış və tutulmuş balığın həcmi 67 min 299 ton olub. Bu da 2023-cü illə müqayisədə 1,2 % çoxdur. Ötən il kvota üzrə 7 946 ton balıq məshulları ovlanıb. Bu isə əvvəlki ilə nisbətən 2,2 dəfə çoxdur. Kvota üzrə çapak, çəki, dabanbalığı, külmə, kütüm, xəşəm, durna balığı, kefal, naxa, sıf, xul balığı, nərəkimilər, qızılxallı (farel) ovlanıb. (Report)