2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan 161,936 min ton mineral gübrə ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 33,3% azdır.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxrac olunmuş mineral gübrələrin ümumi dəyəri $41 milyon 845,7 min (azalma 70,6%) təşkil edib.
Bundan başqa, yanvar-iyun aylarında Azərbaycana $47 milyon 781,4 min dəyərində (artım 8,4%) 85,611 min ton mineral gübrə (artım 63,9%) idxal edilib.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR-ın Karbamid Zavodu məşğul olur.
Zavod 2019-cu il yanvarın 16-da istismara verilib və həmin ilin iyun ayında karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik gəliri $160 milyon məbləğində proqnozlaşdırılır.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 197 milyon avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin, 500 milyon avro borc vəsaitin, 80-85 milyon avro isə SOCAR-ın tikinti zamanı öz vəsaiti hesabına büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb. (İnterfaks-Azərbaycan)