Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində “Gənc startap” sahibkarlıq təlimlərinə müraciətlərin qəbulu 23 fevral tarixində başa çatıb.
FED.az KOBİA-ya istinadən xəbər verir ki, təlimlərdə iştirak etmək üçün 284 nəfər müraciət edib.
Qeydiyyatdan keçərək təlimlərdə iştirak etmək hüququ qazanmış şəxslərin e-mail ünvanlarına elektron məktub və təlim cədvəli göndərilib. İştirakçıların təlimlərlə bağlı hər hansı sualı yaranarsa [email protected] e-poçt ünvanı üzərindən müraciət edə bilərlər.
Təlimlər fevral və mart aylarında onlayn və oflayn formatlarda təşkil olunacaq. Onlayn təlimlər “Zoom” platforması üzərindən olmaqla 28 fevral, 1,4,6 mart tarixlərində keçiriləcək. Oflayn formatda təlimlər isə 11,12 və 13 mart tarixlərində “Bakı KOB evi”ndə təşkil olunacaq. Üzbə-üz təlimlərdə onlayn mərhələni uğurla tamamlamış şəxslər iştirak edə biləcəklər.
Təlimlərdə sahibkarlıq nədir, ideyadan biznes plana, komanda qurmaq, idarə etmək və liderlik, investisiya cəlb etmək metodları və s. mövzular, nəzəri biliklərin real mühitdə tətbiqi tədris olunacaq.
Təlimlər Türkiyənin Bilişim Vadisinin İnkubasiya Mərkəzinin mentoru tərəfindən həyata keçiriləcəkdir. Təlimlər ödənişsizdir. Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar veriləcək.
Qeyd edək ki, “Gənc startap” sahibkarlıq təlimləri biznes ideyası olan və onu startap layihəsinə çevirmək üçün dəstəyə ehtiyacı olan gənclər üçün təşkil edilib. KOBİA və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində 2024-cü il ərzində startaplar və sahibkarlar üçün təlim və tədbirlər davam etdiriləcəkdir.