Nəqliyyat naziri Ziya Məmmədov yanvarın 27-də Siyəzəndə vətəndaşları qəbul edib.
Nəqliyyat naziri Siyəzən, Xızı, Şabran rayonlarından olan vətəndaşların müraciətini, şikayət və təkliflərini dinləyib.
Nazirə müraciət edən Xızı və Şabran sakinləri şəhərlərində müasir avtovağzalın tikintisi üçün tədbirlər görülməsini xahiş ediblər. Digər müraciətlər isə Rusiya Federasiyası dövlət sərhədindən Bakı şəhəri istiqamətində avtomobil yolunun Şabran rayonunun Uzunboyad kəndi ərazisindən keçən hissəsində sərnişinlər üçün nəzərdə tutulmuş əvvəllər mövcud olan dayanacağın bərpasına kömək göstərilməsi, Şabran-Rəhimli yeni marşrut xəttinin açılması və digər məsələlərlə bağlı olub. Həmçinin Siyəzən, Şabran rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə bağlı minnətdarlıq ifadə edilib.
Ziya Məmmədov vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.