Nazirlər Kabineti Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərar qəbul edib. Qərara əsasən, aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.
FED.az İnterfax Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyi “pilot layihə" kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, "Xruşşovka" kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi, sosial infrastrukturun yaradılması və abadlaşdırılması üzrə ərazinin müfəssəl planının hazırlanması və təsdiqini, həmçinin bu müfəssəl plan əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını və işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayaraq 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməyi tapşırıb.
Həmçinin, FHN aparılacaq tikinti işlərinə özəl şirkətlərin vəsaitlərinin və kredit vəsaitlərinin cəlb edilməsini təşkil etməlidir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə, onlara məxsus olan mənzilin ümumi sahəsindən 10% əlavə sahə olmaqla, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında sökülmüş binalarda olduğu mərtəbədə, 1-ci mərtəbədə olan mənzillərin əvəzinə isə 1-ci yaşayış mərtəbəsində mənzillərin ayrılmasını təmin etmək tapşırlıb.
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Bakı şəhərinin 1-ci mikrorayonu ərazisində yerləşən məktəb, uşaq bağçası, körpələr evi, xəstəxana və digər qeyri-yaşayış binalarının texniki vəziyyətini araşdırıb büdcə vəsaiti hesabına həmin binaların təmiri, yenidən qurulması və ya sökülüb yenidən tikilməsi barədə aidiyyəti üzrə təkliflər hazırlayıb 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Bu qərarın icrası ilə əlaqədar yerinə yetiriləcək işlərin əlaqələndirilməsini və qarşıya çıxan məsələlərin operativ və hərtərəfli həllini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Maliyyə Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən işçi qrup yaradılır.