Azərbaycanda xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları ilə bağlı qoyulan bəzi məhdudiyyətlər aradan qaldırılır.
Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.
İclasda bildirilib ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna yeni dəyişikliklər təklif edilir.
Qanunun hazırkı variantına görə, ölkədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.
Yeni qanun layihəsinə görə isə dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilir.
Bundan başqa, mövcud qanuna əsasən, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır. Yeni layihəyə görə isə xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakmiyyəti orqanı ilə razılıaşdırılmaqla İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.
Hazırkı qanuna əsasən, vətəndaşlarin dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübahisəli mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir.
Yeni layihəyə görə isə vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir.