Azərbaycana daxil olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilir. FED.az xəbər verir ki, APA-nın məlumatına görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 38-ci (Elektron vizalar) maddəsinə yeni 11-ci bənd təklif edilir.
Yeni bəndə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşama icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
Maddəyə edilən digər dəyişiklik isə elektron formada sürətləndirilmiş qaydada müraciət etdikdə belə müraciətlərə 3 saat ərzində baxılmasını təmin etməyin rəsmiləşdirilməsi ilə bağlıdır.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 30-da müzakirəyə çıxarılacaq.