Ağ Şəhərdən, mənzil alanlar iş adamları, xaricdə yaşayan azərbaycanlılardır. Son 6-7 ayda isə ərəb və iranlılar ev almağa başlayıblar.
FED.az xəbər verir ki, bu barədə Ağ Şəhərdəki yaşayış komplekslərində bildiriblər.
“Artıq ərəblərə 4 mənzil satmışıq”
Artıq bəzi komplekslərdən ərəblər mənzil alıb: “Əsasən 126-142 kv.m-lik 3 otaqlı mənzilləri sifariş edirlər. Alıcılardan birinin sürücüsü Ağ şəhərə gəlmişdi, bizimlə layihəni gəzdi və xoşuna gəldi. Düzdür, qərar prosesi bir aydan çox vaxt apardı, amma mənzili aldı. Deyir ki, bir az qocalan kimi Bakıya köçüb burada yaşayacam”-deyə komplekslərin birində bildiriblər.
“Bakıda yaşamaq istəyən İran vətəndaşları da Ağ Şəhərə üz tutur”
Ərəblərlə yanaşı, artıq bəzi İran vətəndaşları da Ağ Şəhərdən ev alırlar: “Bəziləri Bakıda yaşamaq istəyirlər, bəzilərinin isə artıq burada biznesləri var. Bu da onların Ağ Şəhərə marağını artırır”.
“Xaricdə yaşayan azərbaycanlılar Ağ Şəhərdən ona görə ev alır ki...”
Bundan əlavə xarici vətəndaşlarla ailə quran və xaricdə yaşayan azərbaycanlılar da Ağ Şəhər layihəsinə maraq göstərirlər: “Məqsədləri yenidən Bakıya qayıtmaq deyil. Amma istəyirlər ki, Bakıya ildə bir dəfə gəlsələr də öz evlərində qalsınlar. Digər tərəfdən, Bakıda yaşayanlardan fərqli olaraq, xaricdə yaşayan yerli vətəndaşlar layihənin gələcəyini daha yaxşı anlayırlar. Yeni əmlaka yatırım onlarda daha yaxşı formalaşıb”.