Azərbaycanda uşağını təkbaşına böyüdən valideynlərə verilmiş xüsusi güzəştlərə dəyişiklik edilir.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bununla bağlı “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik müzakirə olunub.
Layihəyə əsasən “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar” üçün nəzərdə tutulan güzəşt “3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə” sözləri ilə əvəz edilir.
Qanunun hazırkı variantına görə, hazırda dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir.
Yeni layihədə isə təklif edilib ki, “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar” üçün nəzərdə tutulan güzəşt bundan sonra 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə aid edilsin.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.