BBC-nin apardığı gizli araşdırma nəticəsində məlum olub ki, suriyalı qaçqın uşaqlar britaniyalı istehlakçılar üçün paltar tikirlər.
"BBC One" kanalının "Panorama" proqramı Türkiyədəki tekstil fabriklərində araşdırma apararaq "Marks and Spencer" və "Asos" kimi markaların geyimlərini qaçqın uşaqların tikdiyini aşkar edib.
"Zara" və "Mango" markaları üçün cins tikən fabriklərdə də qaçqınların qeyri-qanuni çalışdığı üzə çıxıb. Markaların nümayəndələri istehsal zəncirinə ciddi nəzarət etdiklərini və qaçqınların və uşaqların istismarına qarşı dözümsüz olduqlarını deyirlər.
"Marks and Spencer" bildirir ki, onun aparıdğı təftiş nəticəsində Türkiyədəki fabriklərdə işləyən bir nəfər də olsun Suriya qaçqını aşkar edilməyib. Ancaq "Panorama" proqramı bu şirkətin əsas fabriklərindən birində yeddi suriyalının işlədiyini aşkar edib. Qaçqınlar çox zaman gündə bir funtdan da az pul qazanırlar. Bu isə Türkiyədəki minimal aylıq məvacibdən xeyli aşağıdır. Onlar pulu onlara küçədə verən dəllal vasitəsilə işə götürülürlər.
Qaçqınlardan birinin BBC-yə dediyinə görə, fabrikdə onlara münasibət çox pisdir. "Suriyalıya bir şey olsa onlar onu dəsmal parçası kimi kənara atacaqlar" deyə o bildirib.
Ən gənc işçinin 15 yaşı var. Sutkada 12 saat işləyən bu işçi paltarlar Britaniyaya göndərilməzdən əvvəl onları ütüləməklə məşğul olur.
"Marks and Spencer"in sözçüsü deyib ki, proqramın üzə çıxardığı faktlar "son dərəcə ciddi" və "M&S" üçün qəbuledilməzdir". Şirkət fabrikdə çalışan bütün suriyalılara daimi qanuni iş təklif edir. "Etik ticarət "Marks and Spencer" üçün mühümdür. Bizim bütün təchizatçılarımız müqavilə ilə Beynəlxalq Satınalma Prinsiplərinə əməl etməyə cavabdehdirlər. Biz bu prinsiplərin pozulmasına dözmürük və bunun bir daha baş verməməsini təmin etmək üçün bacardığımızı edəcəyik" - deyə şirkət sözçüsü bildirib.
Ancaq tənqidçilər deyirlər ki, pərakəndə satış şirkətləri BBC-nin işıqlandırdığı problemləri aradan qaldırmaq üçün kifayət qədər iş görmürlər.
Biznes və İnsan Haqları Resurs Mərkəzindən Danielle McMullan deyir ki, markalar cavabdehlik daşıdıqlarını anlamalıdırlar: “"Biz bunu bilmirdik, bu bizim günahımız deyil" demək kifayət deyil.
Onlar nəzarət etməyə və paltarlarının harada və hansı şəraitdə hazırlandığını bilməyə borcludurlar" - deyə o bildirib.
Hazırda bir çox geyimlər Türkiyədə tikilir. Çünki Türkiyə Avropaya yaxındır və son anda verilmiş sifarişlərlə işləməyə öyrəşib. Bu isə pərakəndə geyim satıcılarının yeni dizaynları daha qısa zamanda dükanlara çıxarmasına imkan verir.
Ancaq Türkiyə iş görmək üçün çətin yerdir. Üç milyona qədər Suriya qaçqınının bu ölkəyə gəlməsindən sonra işçilərin istismarı barədə narahatlıq artmaqdadır.
Qaçqınların əksəriyyətinin iş icazəsi yoxdur. Onların bir çoxu qeyri-qanuni olaraq geyim sənayesində çalışır.
"Panorama" proqramının reportyoru Darragh MacIntyre istismar olunduqlarını deyən onlarla suriyalı fəhlə ilə danışıb. "Onlar maaşlarının miskin, iş şəraitininsə dəhşətli olduğunu deyirlər. Onlar istismar olunduqlarını bilirlər, ancaq buna qarşı bir şey edə bilmədiklərini də bilirlər" -jurnalist deyir.
Proqramın çəkiliş qrupu İstanbulun arxa küçələrindən birində bir neçə suriyalı uşağın işlədiyini görüb. Onlar həmin məkanda "Asos" şirkətinin etiketini də aşkar ediblər. Asos" geyimlərinin fabrikdə tikildiyini qəbul edir, ancaq həm də onun qeydiyyatdan keçmiş fabrik olmadığını deyir. Bundan sonra şirkət yoxlama apararaq onunla əməkdaşlıq edən fabriklərdə 11 yetkin yaşlı suriyalının və yaşı 16-dan aşağı olan 3 suriyalı uşağın işlədiyini aşkar edib.
"Asos" bildirib ki, bu uşaqların məktəbə qayıtması üçün onlara maddi dəstək veriləcək. Yetkin yaşlı qaçqınlara isə qanuni iş tapana qədər maaş veriləcək. "Həmin fabrikin "Asos"la heç bir əlaqəsi olmamasına baxmayaraq, biz bu proqramı tətbiq etmişik," deyə şirkət sözçüsü bildirib.
Araşdırma nəticəsində həmçinin məlum olub ki, "Mango" və "Zara" üçün cinsləri emal edən fabriklərdə də suriyalı qaçqınlar sutkada 12 saat çalışırlar.
Qaçqınlar cinsləri ağartmaq üçün onlara zərərli kimyəvi maddələr çiləyirlər. İşçilərin əksəriyyətinin adi üz maskası belə yoxdur.
"Mango" bildirib ki, həmin fabrik şirkətin xəbəri olmadan onun subpodratçısı olub. Şirkətin sonradan apardığı yoxlama nəticəsində hər hansı suriyalı işçilərin burada çalışdığı aşkar edilməyib. Şirkət yoxlama nəticəsində "bəzi şəxsi təhlükəsizlik tədbirləri xaricində şəraitin yaxşı olduğunu" bildirir.
"Zara"markasının məxsus olduğu "Inditex" şirkəti isə bildirir ki, onun fabriklərdə apardığı yoxlamalar "nəzarət və şəraitin yaxşılaşdırılması üçün çox effektiv üsuldur". Şirkət iyunda apardığı təftiş nətivəsində ciddi pozuntular aşkar etdiyini və zəruri dəyişikliklər etmək üçün fabrikə dekabr ayına qədər vaxt verdiyini deyir.
"Panorama" proqramı İstanbulda yerləşən başqa bir fabrikdə yetkin yaşlı suriyalıların 10 yaşında türk uşaqlarla işlədiyini aşkar edib. Fabrikin sahibi müəssisənin "Next" üçün işlədiyini deyib. O, gizli reportyorlara fabrikdə tikilmiş "Next" markalı pijamaları da göstərib. "Next" bu pijamaların əslində başqa bir fabrikdə hazırlandığını deyir. Şirkət bildirir ki, reportyorların gördüyü iş nümunə ola bilər. Belə ki, nümunələr çox yerdə var və fabrikdə nümunənin olması onun burada tikilməsi demək deyil.
Türkiyədə qaçqın uşaqlar tanınmış brendlər üçün paltar tikir
12:49
25 Okt 2016