Bu gün SABAH qrupları və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə karyera inkişafı sərgisi keçirilib.
APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, 31 şirkətin iştirak etdiyi sərginin keçirilməsində məqsəd cari tədris ilində işəgötürənlərin diqqətinin SABAH qruplarının məzunlarına yönəltmək, onların birbaşa olaraq şirkət nümayəndələri ilə görüş-tanışlığına imkan yaratmaqdır.
Nazir müavini vurğulayıb ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində yaradılıb: “Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016/2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfər olub. Bu gün keçirilən sərgidə 38 ixtisas üzrə təhsil alan 1000-dən çox tələbə iştirak edərək təcrübə proqramları və işə qəbul vakansiyaları ilə tanış olmaq, öz CV-lərini birbaşa şirkətə təqdim etmək imkanı əldə edib”.
AmCham-ım icraçı direktoru Natəvan Məmmədova isə işəgötürənlərlə təhsil sisteminin daimi partnyorluğunun önəmli olduğunu bildirib. SABAH qruplarının ölkənin əmək bazarına töhfə verəcəyini deyən N.Məmmədova qeyd edib ki, sərginin yekun nəticəsi olaraq çoxsaylı gənc ölkənin aparıcı şirkətlərində işlə təmin olunacaq.