Ötən 10 ildə Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı 322 min 779 nəfərin müraciəti müsbət cavablandırılıb.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.
O qeyd edib ki, daxil olan sənədlər əsasında Azərbaycan ərazisində müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 8 min 119 nəfərin, daimi yaşamaq üçün icazələrin verilməsi ilə bağlı 17166 nəfərin, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi ilə bağlı 82636 nəfərin müraciəti müsbət cavablandırılıb.
Xidmət rəisinin sözlərinə görə, olduğu yer üzrə qeydiyyatın Dövlət Miqrasiya Xidmətinə həvalə edildiyi vaxtdan - 2013-cü il aprelin 1-dən Azərbaycana girişi qeydə alınan əcnəbilərdən ölkədə qalma müddətinə uyğun olaraq 2 milyon 596 min 802 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb.
Xidmət rəisi onu da bildirib ki, Azərbaycanın dövlət dilini bilmək miqrantların yerli əhali ilə ünsiyyətinin asanlaşdırılması və cəmiyyətimizə inteqrasiyası baxımından mühüm amildir: "Ölkədə müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər öz arzuları ilə Azərbaycan dilini, tarixini, mədəniyyətini, öz hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmək üçün Dövlət Miqrasiya Xidmətinin Təlim-Tədris Mərkəzinə müraciət edə bilərlər. Onlar üçün müvafiq yer ayrılıb, xüsusi proqramlar hazırlanıb və kurslar təşkil edilib".