SOCAR erməni təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayır.
FED.az SOCAR-a istinadən xəbər verir ki, hər il dövlət bayramları ərəfəsində SOCAR təmsilçiləri Şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları aparırlar. Xeyriyyəçilik missiyasına sadiq qalan SOCAR tərəfindən bu günlərdə Novruz bayramı münasibəti ilə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələrində və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılıb.
Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib. SOCAR nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Novruz bayramı münasibəti ilə təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacağına əmin olduğunu bildiriblər.
Qəsəbələrin sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
SOCAR 237 tona yaxın ərzaq yardımı edib
12:03
17 Mart 2017