Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qazısının vətəndaşa “Seyid Ağa” vəsiqəsi verməsi ilə bağlı yaranan qalmaqala idarə və qazı münasibət bildirib.
QMİ-dən bildirilib ki, idarə heç bir vətəndaşa bu tip vəsiqə vermir, bu, qazının şəxsi təşəbbüsü olub: “Möhürdən də göründüyü kimi bu idarənin yox, qazının möhürüdür”.
İdarədən məsələnin araşdırılacağı bildirilib və əlavə edilib ki, Hacı Mirqiyas Təhməzov Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazıdır.
Hacı Mirqiyas Təhməzov isə mətbuata vəsiqəni özünün verdiyini, bunun üçün peşman olduğunu deyib: “O oğlan Lənkərandandır, üz-üzə gəlsək, tanımaram. O vaxt məni tapıb, seyid nəslindən olduğunu dedi, bunu camaata sübut etmək üçün bir sənəd verməyimi istədi. Mən dedim ki, bunun üçün ona sənəd lazım deyil, seyid nəslindəndirsə, bunu hamı bilməlidir. Fəqir olduğunu, heç kimə bildirmədiklərini dedi. Mən bir neçə şahid gətirəcəyi təqdirdə nəsə fikirləşəcəyimi bildirdim. Dörd şahid gətirdi və mən də onun vəsiqəsinə möhür vurdum”.
Qazı vəsiqədəki 21813 sıra nömrələməsi ilə bağlı isə deyib ki, o, yalnız həmin şəxsin sənədinə möhür vurub: “Vəsiqəni özü hazırlayıb, rəqəmi də özü yazıb. Mən ancaq möhür vurmuşam. Peşmanam və anlayıram ki, düzgün hərəkət etməmişəm. Böyük səhv etmişəm. Heç şəxs mənim qazılıq etdiyim rayonlarda da yaşamır. Özümü işə salmışam”.
Qeyd edək ki, sosial şəbəkələrdə QMİ qazısı Qazı Hacı Mirqiyas Təhməzov tərəfindən Tağıyev Elnur Mirverdi oğluna “Seyid Ağa” vəsiqəsi verilməsi ilə bağlı sənədin fotosu yayılması geniş müzakirələrə səbəb olub.