Dünyada istehsal olunan qida məhsullarının 40 faizi istifadəyə yararlı olduğu halda tullantıya çevrilir.
Qlobal ərzaq qiymətləri 12 aylıq fasiləsiz bahalaşmanın ardından - İlk Dəfə Gerilədi
FED.az xəbər verir ki, bu barədə Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu (WWF) yeni hesabatında məlumat yayıb. Hesabatda göstərilir ki, istifadəyə yararlı ərzaq məhsullarının israfçılığının həcmi indiyədək ehtimal olunduğundan (33 faiz əvəzinə 40 faiz) daha yüksəkdir və bu israfçılıq ətraf mühit və iqlimə ciddi zərər vurur. Hər il məhsul yığımından öncə, yığım zamanı və sonra təxminən 1,2 milyard ton istifadəyə yararlı qida məhsulu itkiyə gedir. Bundan əlavə isə 931 milyon ton ərzaq müştərilərə çatdırılanadək olan qablaşdırılma, saxlanma və daşınma zəncirində yararsız hala düşür. Bununla da ümumilikdə 2,5 milyard ton qida məhsulu müştərilərə təqdim olunmazdan öncə yararsız hala düşərək tullantıya çevrilir. Hesabat müəlliflərinə görə, israf edilən qida məhsullarının yığıldığı yük maşınlarının uzunluğu iki dəfə Yerdən Ayadək məsafəyə bərabərdir.
Beynəlxalq qurumun Avstriya bölməsinin ərzaq məhsullarının israfçılığına qarşı mübarizə üzrə eksperti Olivia Hersoq bildirib ki, indiyədək lazımi qədər diqqət ayrılmayan kənd təsərrüfatı sektorunun hansı əhəmiyyətə malik olduğunu göstərir. əkin sahəsindən müştərinin süfrəsinə qədər bütün sahələrin vahid proses kimi dəyərləndirilməsi lazımdır. Yalnız bu halda qiymətli resursların yersiz israfçılığı dayandırıla və ətraf mühit daha yaxşı qoruna bilər.
Təşkilatın hesabatında həmçinin qeyd edilir ki, itkiyə gedən ərzağın yetişdirilməsi üçün 4,4 milyon kvadrat kilometr ərazidən istifadə olunur və beləliklə təxminən Avropa İttifaqının ərazisinə bərabər olan əkin sahələri lazımsız yerə becərilir, çünki orada yetişdirilən qida məhsulları birbaşa tullantı konteynerlərinə göndərilir. Eyni zamanda ərzaq məhsullarının israfçılığı hər il dünya üzrə havaya buraxılan zərərli qazların 10 faizini təşkil edir, bu isə Aİ və ABŞ-da avtomobillərin havaya buraxdığı zərərli qazların illik həcmindən iki dəfə çoxdur.
Bütün bu sadalananları nəzərə alaraq beynəlxalq qurum 2030-cu ilədək qida məhsullarının israfçılığına qarşı müfəssəl fəaliyyət planının işlənib hazırlanmasını, həmin planda reduksiya hədəflərinin və ən azından yararlı ərzağın tullantıya və itkiyə çevrilməsinin iki dəfə azaldılması öhdəliyinin əks olunmasını tələb edib.(AZƏRTAC)