Bu gün Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə tədbir keçirilib.
Nazirlikdən Fed.az-a verilən məlumata görə, tədbir iştirakçılarına bildirilib ki, müasir dövrümüzdə qlobal xarakter daşıyan bu problemin qabardılması hələ 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının 25 noyabr tarixini Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə günü kimi elan etməsi ilə başlanmışdır. Bu günün əhəmiyyəti dünya ictimaiyyətinin diqqətini Qadın zorakılığına qarşı yönəltmək, beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının diqqətini mövzuya artırmaqdan ibarətdir.
Qadın Zorakılığına qarşı mübarizə bütün dünyada olduğu kimi ölkəmizdə də daim diqqət və nəzarət altındadır. Mövzuya dair müxtəlif tədbirlər keçirilir, müxtəlif layihələr tətbiq olunur ki, belə tədbirlərdən biri də Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində baş tutub.
Tədbirin keçirilməsində əsas məqsəd – KİV vasitəsi ilə ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması naminə əhaliyə düzgün istiqamətlənmiş məlumatların təqdimatını təmin etməkdir.
Qadın zorakılığı cəmiyyətdə və ya ailədə qadınlara fiziki, psixi, emosional, iqtisadi və cinsi təcavüzkarlığı nəzərdə tutur. Statistikaya görə, qadınların 60%-i öz ailələri tərəfindən zorakılığa məruz qalır, onların sağlamlıqlarına xələl yetirilir, əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır. Bu hal, həmçinin, qadınların maarifləndirilməsinin lazımi səviyyədə aparılmasının vacibliyindən xəbər verir.
Tədbirdə KİV nümayəndələrinə qadına qarşı zorakılığın sosial aspektləri, səbəbləri, zorakılığa məruz qalmış qadınların sağlamlıqlarının qorunmasında tibb işçilərinin rolu, qadına qarşı zorakılığın hüquqi tərəfləri və İSİM-in apardığı sorğunun nəticələri haqqında geniş məlumat verilib.
Qadına qarşı zorakılığının qarşısının alınmasında ictimai rəyin formalaşmasında KİV-in rolu və vəzifələri xüsusi vurğulanıb.
Sonda qadın zorakılığına qarşı mübarizə ilə əlaqədar hazırlanmış video çarxlar nümayiş etdirilib.
Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunub
15:22
25 Noy 2016