Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.
APA-nın məlumatına görə, dövlət başçıları görüşdə çıxış ediblər.
Azərbaycan prezidenti Azərbaycan və Türkmənistan xalqlarının əsrlər boyu bir yerdə yaşadıqlarını, dostluq etdiyini bildirib: “Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Türkmənistan–Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafında çox mühüm addım olacaq. Bizim xalqlarımızı tarix birləşdirir. Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək. Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə inkişaf və əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Sizi bir daha səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz” deyirəm. Əminəm ki, səfəriniz çox uğurlu olacaq”.